|
Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyim yalnız mənə yox, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir.

Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov İnstitutun Elmi Şurasının iclasında çıxışı zamanı deyib.

Yaqub Mahmudov bildirib: “Bu gün Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Prezident tərəfindən təltif olunmağım daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələtinə cavabdır”.

İnstitutun Elmi Şurası təltifə görə prezidentə təşəkkür edib.

 

Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə, Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Tarix İnstitutu bu günlərdə Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək.

Elmi Şuranın iclasında tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitablarının təqdimatı olub. N.Məmmədovun kitabının elmi məsləhətçisi Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur. Kitabda Yaqub Mahmudovun elmi yaradıcılığındakı Qarabağ mövzusu yığcam olaraq təhlil olunur. “Azərbaycan naminə” toplusu Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Topluda Y.Mahmudovun L.Şamxala verdiyi müsahibələr, institutla bağlı xəbərlər və s. yer alıb.