|
Hökumətin qəvi düşməni - monopolistlər...

Hazırda ölkədə sosial-iqtisadi sahədə islahatlar aparılır. Həm əmək haqqı və pensiyaların artırılması, həm də iqtisadiyyatın inkişafı ilə bağlı müəyyən addımların atılması cəmiyyət tərəfindən də müsbət qarşılanır. Xalqın rifahının yüksəldilməsi üçün müəyyən işlər görülür, vətəndaş-hökumət münasibətlərində yeni bir mərhələnin başlandığı deyilir.

Lakin iqtisadi inkişafı əngəlləyən əsas problemlərdən biri  kimi monopoliyanın aradan qaldırılmasına da ehtiyac var. Əks halda, bu faktor aparılan islahatların effektivliyinə təsir göstərəcək.

İqtisadçı ekspertlər də hesab edir ki, monopoliya aradan qaldırılmasa, nə qiymətlərdəki artım tempinin tənzimlənməsi, nə də azad sahibkarlıq mühitinin formalaşması mümkün olmayacaq.

Bəs monopoliyanın  kökü nə zaman kəsiləcək?

Vahid Əhmədov ile ilgili görsel sonucu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Vahid Əhmədov vurğuladı ki, son vaxtlar dövlət başçısının iqtisadi və sosial sahədə atdığı addımlar cəmiyyət tərəfindən də müsbət qarşılanır: “Həm Beyləqan rayonuna rəsmi səfəri, həm müsahibəsində səsləndirdiyi fikirlər, minimum əmək haqqının artırılması ilə bağlı qərar, daha öncə şəhid ailələri ilə keçirdiyi görüş və verdiyi qərarlar hamısı müsbət addımlardır. İqtisadi inkişafın əsas şərtlərindən biri olan rəqabətli mühitin formalaşması ilə bağlı da bir çox addımlar atılıb. Artıq gömrük sistemində əvvəlkindən daha çox şəffaflıq var, korrupsiya halları aradan qaldırılıb. Monopoliyanın aradan qaldırılması üçün də işlər aparılır. İstənilən şəxs dövlət rüsumunu ödəməklə gömrükdən mal gətirə bilər. Gömrük Komitəsində hazırda açıq əməliyyatlar həyata keçirilir. Şəffaflıq təmin olunub. Doğrudur, vergilər müəyyən qədər yüksəkdir. İdxal vergiləri ümumilikdə 37-38 faizə çatır, bu da müəyyən problemlər yaradır”.

V.Əhmədov da vurğuladı ki, bütün bu görülən işlərə baxmayaraq, monopoliya məsələsi hələ də gündəmdədir: “Çünki bəzi məmurlar hələ də monopoliyadan əl çəkmək istəmir, çalışırlar ki, hər yerdə bunu qoruyub saxlasınlar. Ona görə də biz Rəqabət Məcəlləsinin qəbul olunmasını istəyirik. Hazırda həm Prezident Administrasiyasında, həm də İqtisadiyyat Nazirliyində Rəqabət Məcəlləsinin üzərində işləyirlər. Biz bu məcəllənin qəbul olunması ilə bağlı məsələ qaldırmışıq ki, monopoliyanın qarşısı müəyyən qədər alınsın. Rəqabət mühiti  olmalıdır ki, sahibkarlar rahat işləyə bilsinlər. Ancaq hələlik monopoliya bəzi sahələrdə qalmaqdadır”.

Monopolist məmurlarla mübarizə tədbirlərinə gəlincə, V.Əhmədov bildirdi ki, monopoliya uzun müddətdir Azərbaycanda var və onu yaradanlar əlində inzibati gücü olan insanlardır: “Monopoliya yaradan əsasən o insanlar idi ki, əllərində külli-ixtiyar var idi, müəyyən orqanlar  təsir etmək imkanı çox böyük idi. Ancaq indi tədricən müəyyən azadolmalar gedir, yeni kadrlar gəlir. Mən bu yeni kadrlarla görüşmüşəm, prezidentin əsas tapşırığı o olub ki, əhaliyə xidmət edin, onların problemlərinin həllinə diqqət ayırın. Əhali ilə məmurlar arasında əlaqə yüksək səviyyədə qurulsun. Diqqət etdinizsə, prezident Beyləqan səfərində əhali ilə necə səmimi ünsiyyət qurdu. Bu, məmurlar üçün də bir örnəkdir. Onlar anlamalıdırlar ki, ölkədə başqa bir siyasi-iqtisadi format meydana gəlir və bu formata keçid etməlidirlər. Yeni tendensiya ilə ayaqlaşmaq lazımdır. Mən hesab edirəm ki, monopoliya tədricən tamam sıradan çıxacaq. Son vaxtlar süni qiymət artımı da müşahidə edilir, monopolist iş adamları danışıqlar apararaq qiyməti artırmağa cəhd edirlər. Ancaq aparılan islahatlar bütün bu məsələləri öz yoluna qoyacaq”.

 

İqtisadçi ekspert Qalib Toğrul da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda idxalda monopoliya tam olmasa da, müəyyən qədər aradan qaldırılıb: “Amma bazarda monopoliyanın müəyyən elementləri hiss olunur. Azərbaycan bazarı tam azad və rəqabətin formalaşdığı bir bazar deyil. Bunun da bir neçə səbəbi var. Bu problemi aradan qaldırmağın və azad rəqabət mühiti formalaşdırmağın birinci addımı Rəqabət Məcəlləsinin qəbul olunmasıdır. Azərbaycanda rəqabət və antiinhisar qanunvericiliyi ötən əsrin sonlarında qəbul olunmuş qanunverici aktlardır. Onların da demək olar ki, hamısı ruscadan tərcümə olunub, olduğu kimi qəbul edilib. Bu qanunların hazırda o şəkildə tətbiqi mümkün deyil. O baxımdan ilk növbədə bütün bu qanunların əvəzində Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Rəqabət Məcəlləsinin qəbulu 2016-2018-ci illərdə Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planında nəzərdə tutulmuşdu. Çox təəssüf ki, bu milli fəaliyyət planı öz müddətini başa vursa da, bu məcəllə qəbul olunmadı. Rəqabət Məcəlləsi 2017-ci ildə  Milli Məclisdə iki oxunuşdan keçsə də, üçüncü oxunuşdan keçməyib.  Onun qəbulu bu prosesdə dayanıb. Mən bu məcəllənin mətni ilə tanışam və hesab edirəm ki, indiki halda artıq yeni məcəllə işlənilməlidir. Onun hazırlanmasına vətəndaş cəmiyyəti və müstəqil ekspertlər də cəlb olunmalıdır”.

Q.Toğrul vurğuladı ki, burada əsas məsələlərdən biri rəqabət mühitini tənzimləyən qurumun müstəqil olmasıdır:“Hazırda bu məsələ İqtisadiyyat Nazirliyinin tərkibində olan dövlət qurumu vasitəsilə tənzimlənir. Ancaq çox təəssüf ki, həmin qurum rəqabətdən daha çox istehlakçı hüquqlarının tənzimlənməsi ilə məşğul olur. Biz həmin qurumun saytına daxil olarkən də hər zaman görürük ki, orada rəqabətlə bağlı hər hansı fəaliyyət yoxdur. Əvvəllər rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı hesabatlarda daha çox məlumatlara rast gəlirdik. Ancaq çox təəssüf ki, o hesabatların da məzmunu çox kasadlaşıb və məlumatlar məhdudlaşdırılıb. O baxımdan birinci məsələ Rəqabət Məcəlləsinin qəbul olunması, ikinci isə onu tənzimləyən qurumun müstəqil formalaşdırılmaldır. Elə bir qurum olmalıdır ki, müstəqil yanaşma, müstəqil araşdırma ortaya qoysun. Başqa formada ölkədə rəqabət mühiti formalaşdırmaq mümkün  olmayacaq. Hazırkı qanunvericilik imkanları da bunu təmin etmir”.