|
Prezidentin son addımlarına müxalifətdən dəstək

Azərbaycan prezidenti İlham Əliyevin son bir neçə həftədə şəhid ailələri ilə görüşməsi, bu kateqoriyadan olan ailələrə birdəfəlik ödəmələrin verilməsi barədə qərarı, minimum əmək haqqını artırması, pensiyaların artımı barədə qərarları, Şamaxıda zəlzələ bölgəsinə getməsi və sadə insanlarla hətta yaşlı qadının əlini öpməyə qədər cəmiyyətdə müsbət qarşılanan addımları müxalifət düşərgəsində də müsbət qarşılanıb. Araşdırmamız nəticəsində bu qənaətə gəldik.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, müxalif partiya olaraq ölkə başçısının son addımlarını diqqətlə izləyirlər: Əslində bu addımlar siyasi səhnəyə də xeyli təsir edir. Prezidentin son zamanlar atdığı addımlar daha çox xalqın səsinə qulaq vermək, ictimai fikri nəzərə almaq xətti kimi görünür. Buraya istər şəhid ailələrinin kompensasiya məsələsi, istər minimum əmək haqlarının qaldırılması, istər Nazirlər Kabinetinin meşələrdə yetişən giləmeyvələr barədəki absurd qərarının ləğvi, istərsə də zəlzələ bölgəsinə şəxsən gedib zərərçəkənlərlə səmimi ünsiyyəti daxildir. Biz bu addımları müxalifət olaraq siyasi münasibətlər səhnəsində də görmək istərdik.

Məsələn, ilk növbədə prezident böyük əfv fərmanı imzalayaraq bütün siyasi məhbusları azad etsə, ardınca mətbuat, sərbəst toplaşmaq azadlıqlarının təmin olunması üçün sərəncamlar versə, müxalif düşüncəli partiya və təşkilatların fəaliyyətlərini məhdudlaşdıran obyektiv və subyektiv səbəblərin aradan qaldırılmasına start verilsə, bu, sözün həqiqi mənasında köklü islahatların başlanğıcı ola bilər. Əgər iqtidar həqiqətən də dövlətin güclənməsini, əhalinin rifah səviyyəsinin yüksəldilməsini, Qarabağ probleminin Azərbaycan maraqları çərçivəsində həllini istəyirsə, bu islahatlar edilməlidir. Biz AĞ Partiya olaraq ağa ağ, qaraya qara deməyin tərəfdarıyıq. Odur ki, son addımları təqdirəlayiq addımlar hesab edir və bunların dediyimiz istiqamətdə də davamını gözləyirik".

Ümid Partiyasının sədr müavini Tamilla Qulami qeyd etdi ki, prezidentin atdığı son addımlar həm ictimai rəydə, həm vətəndaşlar, o cümlədən də ictimai-siyasi təşkilatlar tərəfindən də maraqla izlənilir: “Əsas diqqəti çəkən məqam nədən ibarətdir? Digər məmurlar, hətta deputatlar belə, daha sərt ritorika ilə, daha sərt mövqedən çıxış etdiyi zamanda prezidentin bu tipli addımları daha çox insanları düşündürür və insanlar daha maraqla bu məsələlərə reaksiya verməyə başlayır. Cəmiyyətdə aktivlik yüksəlib, proseslərə münasibət daha yaxından izlənilir. Demək olar ki, çoxluq baş verən hadisələrə bu və ya digər şəkildə münasibət bildirir, reaksiya verir. Ölkə prezidenti problemi olan vətəndaşın yanında olmalıdır və olması təbiidir, istər zəlzələdə, istər şəhid ailələrinə  münasibətdə. İstərsə də bundan əvvəl Mehman Hüseynov məsələsində biz bunu gördük. Biz əslində cəmiyyətdə münasibətlər sisteminin belə olmasını arzulayırdıq, münasibətlərin bu zəmində getməsini deyirdik. Ümid Partiyası olaraq da hər zaman barışın, sülhün, vətəndaş birliyinin, vətəndaş həmrəyliyinin, dialoqun tərəfdarı kimi çıxış etmişik. Güman edirəm ki, belə addımlar cəmiyyətdə münasibətlər sistemini yumşaltmağa gətirə, münasibətlər sistemində məmur-vətəndaş, dövlət-prezident-vətəndaş münasibətləri yeni bir mərhələyə daxil ola bilər. Amma arzularımız da var ki, Azərbaycan prezidentinin vətəndaşlara bu addımı siyasi institutlara, siyasi partiyalara münasibətdə də fərqli müstəviyə keçə, siyasi partiyalarla da münasibət dialoq, barış səviyyəsində davam edə. Çünki o zaman ölkəmizdə olan sosial-iqtisadi problemləri daha rahat, daha asan və daha sürətli həll etmək olar. Hər halda, hesab edirəm ki, bunun da zamanı gələcək”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, bəzilərinə prezidentin son dönəmlər addımları, verdiyi qərarlar qeyri-adi gəlsə də sivil cəmiyyətlərdə bütün bunlar dövlət başçısı üçün adi qaydadır:“Prezident xalq tərəfindən seçilir və xalqa xidmət etməlidir. Cənab İlham Əliyev də məhz bu fikri dəfələrlə bəyan edib və açıq şəkildə deyib ki, ölkənin başçısından sıravi məmura qədər hər kəs xalqa xidmət etməlidir. Ümid edirəm ki, digər məmurlar və yüksək vəzifəli şəxslər də bundan nümunə götürməli, davranışlarına və hərəkətlərinə düzəlişlər etməlidir. Bir sıra özünü apara bilməyən, danışığı, hərəkətləri və fəaliyyəti ilə xalqda qıcıq yaradan, nifrət oyadan rəsmi yetkililər ya düzələcəklər, ya da tutduqları postlarından kənarlaşdırılacaqlar. Çünki ölkədə qarşıdurma və gərginlik yarada biləcək hər nə varsa aradan qaldırılmalıdır”.