| Xəbər 6566 dəfə oxunub
Fransız kişi səhvən ona göndərilən qızılları polisə verib

Fransanın Van şəhər sakini səhvən ona gəlmiş bağlamanı geri qaytarıb və mükafat olaraq qızıl alıb. Bu barədə “The Local” nəşri xəbər yazıb. 27 yaşlı Julyen poçt vasitəsilə həyat yoldaşı üçün çimərlik paltarı sifariş edib və ona bağlama gətirəndə təəccüblənib. O, bağlamanın içinə baxmadan qəbzi imzalayıb. Daha sonra isə gələn bağlamanın içindəkilərin qiymətinə baxanda şoka girib. Kişinin imzaladığı qəbzdə bağlamanın 20 min avro dəyərində olduğu göstərilib. 

Kişi qutunu açanda görüb ki, onun içində çimərlik paltarı yerinə 20-30 qramlıq qızıl külçələr, XVII və XVIII əsrlərdə Fransada istifadə olunan sikkələr var. Julyen şəxsən özü bağlamanı düzgün ünvana çatdırmağı qərarlaşdırıb. Amma qəbzdə qeyd edilən ünvana getdikdə orada heç kimi görməyib. Bu halda isə kişi polisə gedib və qızılı orada qoyub. Bir neçə gün sonra gerçək ünvan tapılıb və bağlama sahibinə çatdırılıb. 
Bağlamanı göndərən Fransa Milli Qızıl Assosiasiyası Julyeni bu dürüstlüyünə və kişiliyinə görə mükafatlandırmaq istəyib. Onlar kişiyə qiyməti açıqlanmayan qızıl hədiyyə ediblər. Amma o, hələ də sifariş verdiyi bikininin çatdırılmasını gözləyir.

2018-ci ildə xəbər verildi ki, Rumıniyanın Bikici kəndində bir fəhlə köhnə şkafda 95 min avro tapıb. O, bu şkafı özü satın alsa da, daha öncəki sahibini tapıb və pulları ona verib.