| Xəbər 6016 dəfə oxunub
Evlərindən ilan çıxdı, 2 milyon dollar istəyirlər

ABŞ-ın Merilend ştatındakı Annapolis şəhərində yaşayan ailə satın aldığı evin əvvəlki sahibini, habelə rieltor şirkətini məhkəməyə verib.

Onlar maddi və mənəvi təzminat qismində 2 milyon dollar tələb edirlər. 4 yaşlı oğlu və 9 aylıq qızı olan Cudi Bruks deyir: “Evi alanda sevinmişdik. Çünki gözəl evdir. Təmirə başladıq. Lakin az sonra evdə ilanla qarşılaşdım. Çox qorxsam da, ərimin köməyi ilə ilanı öldürdüm. Daha sonra, qızım 4 aylıq olanda onun çarpayısında qıvrılıb yatmış ilan gördüm. Bir qədər keçdi, evdə ilanlar qaynaşmağa başladı. Evi tərk etdik, çünki o zəhərli ilanlar hamımızı öldürə bilərdilər”.

Cudinin əri Ceffin dediyinə görə, 2014-cü ilin dekabr ayında bu evi 410 min dollara satın alıblar. Daha sonra ailə evdə genişmiqyaslı təmirə başlayıb və binanı normal hala salıblar.

İndi isə evdə çoxlu ilan olduğu üçün orada yaşamaq mümkün deyil.

Bu səbəbdən də Trakston roud, 631 ünvanda yerləşən evin sahibləri Ceff və Cudi Brukslar məhkəməyə üz tutaraq Barbara van Horn, Coan Broseker, habelə “Champion Realty, Inc.” və “The Joan Broseker Revocable Trust” şirkətlərindən 2 milyon dollar tələb edirlər.
Rieltor şirkətləri “məhkəmə prosesini şərh etmirik” deyərək olayla bağlı açıqlama verməyiblər.