|
Əflatun Amaşov: “Əgər sosial şəbəkələr insanların şərəf və ləyaqəti ilə bağlı problemlər yaradarsa...”

“Onlayn mediaya maliyyə yardımı etmək üçün hüquqi baza lazımdır, bu, qanunvericiliklə tənzimlənməlidir”.

Bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov musavat.com-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, son illər kütləvi informasiya vasitələri haqqında qanunvericilikdə onlayn media məsələsi də gündəmə gəlib: “Ayrı-ayrı qanunlarda müəyyən düzəlişlər və əlavələr edilib. Son düzəliş və əlavə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda olub. Artıq onlayn jurnalistikanın təsnifatı verilib və onlayn jurnalistika digər KİV kimi mediada öz yerini tutub. Hazırda müzakirə olunan məsələlərdən biri də onlayn jurnalistikanın dövlət tərəfindən maliyyələşməsidir. Mən bir neçə dəfə parlamentdə bunu gündəmə gətirmişəm. Onlayn jurnalistikaya yardım etmək üçün hüquqi baza lazımdır, bu qanunvericiliklə tənzimlənməlidir. Onlayn medianın tutduğu yer müəyyən edilməlidir. Eyni zamanda yardımın prinsipləri qaydaları və digər məsələlər həmin qanunda öz əksini tapmalıdır. Bundan sonra onlayn mediaya yardım etmək mümkün olacaq. Bu gün birmənalı olaraq ictimai fikrin formalaşmasında onlayn media əsas rol oynayır. İndiki şəraitdə nə vaxta qədər ki, onlayn media özünün iqtisadi problemlərini həll edə bilmir, mütləq dövlət yardımı almalıdır. Ümumiyyətlə biz ölkəmizdə informasiya məkanını qorumaq üçün mütləq onlayn mediaya yardım etməliyik”.

Ə.Amaşov onu da vurğuladı ki, Mətbuat Şurasına üzv olmaq istəyən media qurumları arasında xəbər portallarının sayı daha çoxdur: “Hazırda 20-dən çox xəbər portalı Mətbuat Şurasının üzvüdür. Yəqin ki, biz daxil olan ərizələrə baxacağıq və tədricən qəzetlər öz yerlərini xəbər portallarına verirlər. Bu dövrün tələblərindən irəli gələn prosesdir”.

Sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı gedən müzakirələrə gəlincə, deputat bildirdi ki, bütün dünyada buna gedilir:“Dünyanın hər yerində sosial şəbəkələr, əsasən də facebook-la bağlı məsələ gündəmdədir. ABŞ-da seçkilərə müdaxilədə, Böyük Britaniyada brexit məsələsində facebook rəhbərliyi ittiham olundu. Çünki facebookda müəyyən nüanslarda insanlardan informasiya almağa səy göstərirlər, həmin informasiya əsasında insanların psixoloji portretini yaradırlar. Əgər lazım olarsa, həmin insanlara psixoloji təsir edərək istədikləri nəticəni ala bilirlər. Məsələn ABŞ-da təqribən yarım milyona qədər insanın bu cür təsirlərə məruz qaldığı deyilir, Böyük Britaniyada brexit məsələsinda facebook bu məsələdə ittiham edilir. Hazırda bu məsələlərə görə facebook məhkəməyə verilib. Müəyyən məbləğdə cərimə olunması gözlənilir. Ancaq bu şirkətin maliyyəsi kifayət qədər güclüdür, 50 milyard dollara yaxındır. Bütün dünyada bu narazılıq var ki, sosial şəbəkələrin yaxşı cəhətləri olduğu kimi pis cəhətləri də var. Həm insanların şəxsi həyatına müdaxilə olunmasında, həm müəyyən qurumların əlində siyasi oyuncağa çevrilməsində bunun rolu var. Ancaq dünyanın heç bir yerində sosial şəbəkələr qanunvericiliklə tənzimlənmir. Azərbaycan mediası da dünya mediasının tərkib hissəsidir, bizdə də sosial şəbəkələrin hansısa qanunla tənzimlənməsi nəzərdə tutulmur. Ancaq bəzi məqamlar var ki, diqqətdə saxlanılır. Almaniyada son illərdə sosial şəbəkələrdən olan şikayətin sayı 90 minə qədər çatır. Başqa ölkələrdə də bunlar var. Hələ ki, bu problemləri həll etmək üçün dəqiq mexanizmi dəqiq yoxdur. Bəzi ekspertlər fikirləşirlər ki, sosial şəbəkələr, məsələn facebook bu məsələni özü həll etməlidir. Böyük Britaniyada Oksfam deyilən bir qurum var, telekommunikasiya ilə məşğuldur, məhz tənzimləmə işinə baxır. Bu qurum və digərləri sosial şəbəkənin də qanunvericilik əsasında tənzimlənməsinin tərəfdarıdır. Hələlik dünyada bu proseslər gedir. Əgər sosial şəbəkələr insanların şərəf və ləyaqəti ilə bağlı müəyyən problemlər yaradarsa, onun da tənzimlənməsinə gediləcək”.