|
Azərbaycan Prezidenti: Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir

Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri fəaliyyətdədir, bu işlərə yeni tərəfdaşlar qoşulur:

"Mənim bir neçə ölkənin dövlət başçısı ilə apardığım danışıqlar nəticəsində indi Orta Asiya respublikalarından əlavə yüklərin Ələt limanına gəlməsi və oradan dəmir yolu ilə dünya bazarlarına çatdırılması təmin edilib. Biz bir neçə ölkə ilə artıq çox səmərəli əməkdaşlıq edirik. Bu ölkələrin sayı artır və biz yeni mənbələrdən yükləri cəlb edib Azərbaycan ərazisindən göndəririk. Ölkə daxilində bir neçə dəmir yolu layihəsi gündəlikdədir. Biz Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası ilə məşğuluq. Düzdür, bu yol var, fəaliyyət göstərir, ancaq bunun sürəti aşağıdır. Ona görə Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir. Artıq keçən ildən bu prosesə start verilib və beləliklə, Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərini birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi yüksək sürətli dəhliz olacaq və yüklərin mənzil başına çatma müddəti də, əlbəttə ki, qısalacaq”.

Prezident bildirib ki, şəhərlərarası dəmir yollarının tikintisi də aparılır: “İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi turizm mərkəzlərindən biridir və Bakı-Yalama dəmir yolunun tikintisi ilə paralel olaraq, həmin yolun da çəkilməsi təmin edilməlidir. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu çəkilməlidir. Beləliklə, Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq. Bu da proqramda nəzərdə tutulur".