|
Azərbaycan Prezidenti: Görüləcək işlər ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq

Görüləcək işlər ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

İlham Əliyev bildirib ki, kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur: “Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmini biz işə salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır”.

Dövlət başçısı qeyd edib ki, sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var: “Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq. Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Giriş sözümdə qeyd etdim, burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub”.

Prezident əmin olduğunu bildirib ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Azərbaycana əlavə böyük gəlir gətirəcək: “Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır”.