|
Prezidentdən şəhid hərbi qulluqçularla bağlı yeni fərman

Dünən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Görüşdə şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən prezident şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq” - deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən prezident şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb.

Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını qeyd edib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Prezidentin yeni fərmanına əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə veriləcək.

Fərmanla Daxili İşlər Nazirliyinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını fevralın 15-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək tapşırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, prezidentin bu gün (28 yanvar - D.S.) imzaladığı fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur: “Azərbaycan Respublikası Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli fərmanı yüksək səviyyədə icra ediləcəkdir”.

Onu da qeyd edək ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Qarabağ Qaziləri Birliyinin nümayəndəsi Rey Kərimoğlunun “Yeni Müsavat”a dediyinə görə, prezidentin birinci fərmanından sonra bir sıra şəhid ailələri ilə bağlı problemlər yaranmışdı: “Elə vərəsələr var ki, birdəfəlik sığorta ödənişi olaraq cüzi məbləğ almışdılar, elələri vardı almamışdılar. Bununla bağlı müəyyən problemlər yaranmışdı. Çox şükür  ki, bu problemlər həllini tapdı. Şəhid olmuş hərbi qulluqçulara birdəfəlik sığorta ödənişinin verilməsi ilə bağlı məsələ 4-5 il idi müzakirə olunurdu. Rəhmətlik Etimad Əsədov, Şəhid Ailələri Cəmiyyətinin sədri Almaz Zeynalova, Firudin Məmmədov bununla bağlı ciddi işlər aparırdılar. Ötən ilin aprelində prezident fərman imzaladı və proses başlandı. Lakin bəzi aşağı məbləğ alanlar, şəhid polislər kənarda qalmışdı. Yeni fərmanı alqışlayırıq”.

İş olan yerdə nöqsanların qaçılmaz olduğunu deyən R.Kərimoğlunun sözlərinə görə, prosesdə meydana çıxan neqativ hallar müxtəlif yerli qurumlarla bağlıdır: “Düzdür, prosesə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi edir, lakin meydana çıxan çətinliklərin böyük əksəriyyəti bu qurumdan asılı deyildi. Siyahıları tərtib edib ora verən qurumlar bir sıra səhvlərə yol verirdilər, lakin icraçı olduğuna görə hamı bu nazirliyin üstünə düşürdü. İnşallah, növbəti mərhələdə belə çətinliklər meydana çıxmayacaq”.

Birlik nümayəndəsi hesab edir ki, növbəti addım Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilərə icbari sığorta ödənişinin verilməsi olacaq: “Bu iki məsələ birlikdə qaldırılmışdı. Hökumət nümayəndələri tələb olunan vəsaitin çox olduğunu dedikdə, Qarabağ Qazilər Birliyi, Etimad Əsədov təklif etdilər ki, ilk növbədə şəhidlər üçün ödəniş olunsun, sonra qazilərə edilər”.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ müharibəsi qazisi Firudin Məmmədov prezidentin yeni fərmanını çox müsbət addım hesab etdiyini deyir: “Biz bu məsələni 2012-2013-cü illərdə qaldırmışıq. İş Konstitusiya Məhkəməsinə qədər gedib çıxmışdı. Biz davamlı olaraq prezidentə müraciətlər ünvanlayırdıq. Çox təşəkkür edirik, Ali Baş Komandan bir fərmanla problemi həll etdi. Xırda bir problem qalmışdı ki, vaxtilə cüzi bir məbləğ alan şəhid yaxınlarına da 11 min manat verilməliydi. Prezidentin son fərmanı bu problemi də həll edir”.

Birlik rəhbəri şəhid hərbi qulluqçulardan sonra Qarabağ qaziləri üçün də sığorta ödənişinin verilməsinə başlanacağına ümid edir: “Biz Qarabağ qaziləri olaraq, özümüz ilkin mərhələdə şəhidlər üçün ödənişin verilməsini təklif etmişdik. İndi inanırıq ki, cənab prezident Qarabağ qazilərinin sığorta haqqının ödənilməsi istiqamətində də öz sözünü deyəcək”.