Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə bir sıra dövlət orqanlarında struktur dəyişikliyi həyata keçirilir. Nəticədə dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Struktur dəyişikliyi fonunda bəzi dövlət orqanları ləğv edilir, bəziləri isə oxşar funksiyanı həyata keçirən digərlərinə birləşdirilir. Bütün bu proses ölkə iqtisadiyyatına nə verəcək? Struktur dəyişikliyindən dövlət büdcəsi nə qədər qazanacaq?
“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, əslində burada əsas məqsəd büdcə vəsaitlərinə qənaət etmək deyil: “Təbii ki, hansısa sturuktur ləğv edilirsə, yaxud da onun ayrı-ayrı bölmələri ixtisar edilirsə, bütövlükdə həmin struktur kiçilir. Nəticədə onun saxlanması üçün büdcədən nəzərdə tutulan xərclər azalacaq. Bu, bir növ qənaət deməkdir. Lakin struktur islahatlarının aparılmasında məqsəd bu deyil. İslahatların fəlsəfəsi tamamilə başqadır. Burada idarəçiliyin elə bir səviyyədə təşkilindən söhbət gedir ki, iqtisadiyyatda keyfiyyət dəyişikliyi əldə etmək mümkün olsun. Yəni bu strukturda olan artıq qurumlar problem yaratmayıb, bürokratik əngələ çevrilməsinlər. Eyni zamanda burada məqsəd elə bir formada struktur formalaşdırmaqdan ibarətdir ki, həm müəssisələr, həm təşkilatlar, həm də vətəndaşlar çox qısa bir zamanda keyfiyyətli xidmətlər əldə etmiş olsunlar. Əsas məqsəd bundan ibarətdir. Bütövlükdə idarəetmə aparatının və bu strukturların saxlanması üçün nəzərdə tutulan xərclərə baxarsaq bu, ümumi büdcənin çox cüzi hissəsidir. Yəni bütün bunlar büdcə xərclərinin 3 faizindən çox deyil. Təsəvvür edin ki, belə olan halda təbii ki, büdcə vəsaitlərinə qənaət etməkdən də söhbət gedə bilməz. İrəliləyən dönəmlərdə də struktur islahatları davam edəcək. Çünki bu, elə bir prosesdir ki, davamlı və ardıcıl olmalıdır. Tam təkmil formaya gəlib çatana qədər bu proses gedəcək. Yaxın zamanlarda yəqin ki, bəzi nazirliklərin və bu qəbildən olan digər dövlət strukturlarının birləşdirilməsi proseslərini yenidən görəcəyik. Burada ali məqsəd ölkə həyatının idarə olunmasında tam səmərəli bir idarəçilik strukturunun yaradılmasıdır. Bu struktur yaradılana qədər proseslər gedəcək. Ona görə də qeyd etdiyim kimi, hələ digər qurumlarda da bu kimi halları görəcəyik”.
Struktur dəyişikliyi fonunda işsiz qalanlar, ixtisara düşənlər də olur. Ekspert bildirib ki, onlarla bağlı da dövlət tərəfindən müvafiq addımlar atılmalıdır:
“İşsiz qalanların öz peşələrini dəyişməsi, yaxud da onların başqa yerlərdə işə düzəlməsi ilə bağlı proseslər də diqqətdən qaçmamalıdır. Bu yaxınlarda mətbuat səhifələrindən də hər kəs oxudu ki, işsiz qalanların yenidən işlə təmin olunması ilə birinci vitse-prezident, Mehriban xanım Əliyeva aidiyyəti qurumlara göstəriş verdi. Yəni bu məsələ ilə də dövlət səviyyəsində məşğul olmaq lazımdır. Bilirik ki, ildən-ilə işsizlikdən sığorta məsələsi gündəmə gəlir. Bu insanlar bir qədər işsiz qalırlarsa, sığortadan faydalana biləcəklər. Ancaq təbii ki, onlar nəticə etibarı ilə öz iş yerlərini tapmalı, fəaliyyətlərini qurmalıdırlar. Yəqin ki, bu şəxslərin bir qismi fəaliyyətlərini özəl sektorda quracaqlar. Digər qismi isə hesab edirəm ki, müəyyən bir formada iş qurmaqla fəaliyyətlərini təşkil edəcəklər. Yerdə qalanlar da ayrı-ayrı dövlət qurumlarında elan olunan vakansiyalara müraciət edib, yeni iş yerləri tapacaqlar. Bütün hallarda dövlət tərəfindən həmin şəxslərin iş yeri məsələsi düşünülməlidir”.