|
Beynəlxalq Muğam Mərkəzində Amaliya Pənahovanın xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktirisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barəsində xatirəsini bölüşüb. “Yaşadığımız dünyadan başqa, ayrı dünya da var. Yaddaş, xatirələrin dünyası... Bu xatirələr dünyasında ölüm-itim, vaxt yoxdur. Mən xətirələrimə qayıdanda gözlərimin önündə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə çıxan gənc bir aktirisa Amaliya xanım canlanır. Səhnəyə çıxdı və səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirdi. Sonralar bir çox obrazlar yaratdı. Mən çox xoşbəxtəm ki, sənət yollarımda Amaliya xanımla birgə işlər görmüşəm. Dram teatrında Təhminə obrazını canlardı, ən böyük arzularından biri də bu obrazı kinoda da canlandırmaq idi. Təəssüf ki, bu ona müəssər olmadı. Bu gün Amaliya xanım aramızda yoxdur. Amma təsəlli odur ki, xatirələr dünyası da gerçək dünya qədər realdır. Onları xatırlayan sonuncu adam yaşayanədək onlar yaşayacaqlar. Amaliya xanım da millərlə seyirçisinin, heyranının qəlbində yaşayacaq”, - deyə Xalq yazıçısı bildirib.

Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amaliya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, A.Pənahovanın sənəti onun sevənlərin qəlbində həmişə yaşayacaq: “O, sənətinin vurğunu idi. Peşəkar aktirisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdə zövq alırdı. Amaliya xanım, sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.

 

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları Azərbaycan teatr və kino sənətində Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söhbət açıblar.
Bildirilib ki, A.Pənahovanın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Onun adı tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olub. 19 yaşında səhnəyə atılan bir gənc qız ömrünü 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi ümumbəşər rollar Azərbaycan Teatr tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edilib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır.

Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amaliya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb.
Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.