|
Rafael Hüseynov: Kitabxana həyatı tamamilə yenidən qurulmalı və əsaslı dəyişikliklər edilməlidir

Müəlliflərin kitabxanalara məcburi nüsxələrinin verilməsi ilə bağlı siyasət dəyişdirilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

 

R.Hüseynov bildirib ki, “Kitabxana işi haqqında” qanunda kitabxanalara məcburi nüsxələrin verilməsi ilə bağlı müddəa var: “Hətta özəl nəşriyyatlar da ayrı-ayrı şəxslərin nəşr etdirdiyi kitablardan məcburi nüsxələri mütləq mərkəzi kitabxanalara verməlidirlər. Amma bununla bağlı siyasət bir qədər dəyişdirilməlidir. Çünki bəzən elə olur ki, bir insan öz hesabına 100-200 nüsxə ilə kitab çap etdirir və onun imkanı məhduddur, həmin şəxs 100-200 nüsxədən əlavə olaraq, öz hesabına da nüsxələr çap etdirirərək nəşriyyatlara verməlidir. Nəşriyyatlara da müəyyən qədər limit ayrılmalıdır ki, bu yük şəxslərin üzərinə düşməsin, özəl nəşriyyatların üzərinə düşsün. Əvəzində də onlara (müəlliflərə) məcburi nüsxələrin verilməsi əvəzinə maliyyə güzəştləri edilsin ki, onlar bu işi genişləndirə bilsin və yalnız mərkəzi deyil, rayon, şəhər kitabxanalarına həmin kitablardan göndərsinlər”.

Komitə sədri qeyd edib ki, ölkənin kitabxana həyatı tamamilə yenidən qurulmalı və burada əsaslı dəyişikliklər edilməlidir: “Çünki kitabsız, bilik qaynağı olmadan bu cəmiyyətin inkişafından danışmaq olmaz. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla köhnə kitabxana sisteminin ləğv edilərək yeni kitabxana sisteminin qurulması elə bu istəkdən irəli gəlir”.