|
RF Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçiriləcək

Fevralın 13-də RF Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçiriləcək.

RF Dövlət Dumasından AZƏRTAC-a verilən məlumata görə, bu gün Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq strateji tərəfdaşların qarşılıqlı münasibətlərinin ən mühüm aspektlərindən biridir. Rusiyada get-gedə daha çox insan Azərbaycanın ənənələrinə, Azərbaycan incəsənətinə və Azərbaycan dilinə maraq göstərdiyi kimi, Azərbaycanda da rus mədəniyyətinə maraq artır. Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan sərgiləri, konsertlər, milli mədəniyyət və milli mətbəx bayramları həmişə uğurla keçir. Məsələn, Moskvada keçirilən “Azərbaycanın payız töhfələri” adlı birinci festivalın ziyarətçiləri arasında minlərlə yerli sakin və Rusiya paytaxtının qonaqları vardı. 2018-ci ilin sonunda Azərbaycan paytaxtında keçirilən Bakıda Moskva günləri bakılıların böyük diqqət və marağına səbəb olub.

Şübhəsiz, bu iki qonşu dövlətin ədəbiyyatına qarşılıqlı maraq da çox böyükdür. Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. Orta əsrlərdə Şərqin ən məşhur şair və filosoflarından biri olan Nəsiminin yaradıcılığı haqlı olaraq dünya mədəniyyət xəzinəsinin incilərindən hesab edilir. Keçən il Azərbaycanda ilk dəfə keçirilən “Nəsimi” poeziya, incəsənət və mənəviyyat festivalında Rusiyanın bir sıra tanınmış mədəniyyət xadimləri çox fəal iştirak etdilər. Üstəlik, Moskva bu estafeti məmnuniyyətlə qəbul etdi və festivalın ikinci hissəsi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirildi. Bu münasibətlə MDBMİ-də böyük Azərbaycan şairinin büstünün təntənəli açılışı mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva geniş nitqlə çıxış etdi.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Rusiya-Azərbaycan ortaq informasiya-mədəniyyət məkanının inkişaf perspektivlərinin müəyyən edilməsi məqsədilə cari vəziyyət çox ciddi təhlil edilməlidir. Rusiya parlamentinin üzvü Dövlət Dumasında keçirilməsi planlaşdırılan dəyirmi masanın əsas məqsədini açıqlayaraq deyib: “Rusiya ilə Azərbaycanı çoxəsrlik mehriban qonşuluq münasibətləri bağlayır. Biz mədəniyyət sahəsində bir-birimizdən çox şey öyrənmişik. Mənim fikrimcə, humanitar əlaqələrimizi prinsipcə yeni səviyyəyə - ümumi dövlətlərarası strategiya səviyyəsinə çatdırmaq üçün əldə etdiyimiz nailiyyətləri sistemləşdirməyin vaxtdır. Bu baxımdan, böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi bayramında Rusiyanın necə iştirak edə biləcəyini müzakirə etmək çox yaxşı addım ola bilər”.

Multikultural dialoqun möhkəmlənməsi və strateji tərəfdaşlar arasında xalq diplomatiyasının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunması üçün Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri, habelə yazıçılar ittifaqının, bəstəkarlar ittifaqının, teatr xadimləri ittifaqının üzvləri, Rusiyanın və Azərbaycanın aparıcı ali məktəblərinin əməkdaşları, hər iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri dəvət edilib