| Xəbər 1360 dəfə oxunub
Azərbaycan vətəndaşlığı üçün şərtlər: 5 il yaşama, dövlət dili...

Tez-tez sual olunan məsələlərdən biri də Azərbaycan vətəndaşlığı almağın şərtləri ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanda vətəndaşlıq daha ciddi şərtlərlə verilir. Əgər hansısa dövlətdə, sadəcə, ciddi məbləğdə investisiya yatırmaqla və ya həmin ölkə vətəndaşı ilə ailə qurmaqla vətəndaşlıq hüququ əldə etmək mümkündürsə, Azərbaycan dövləti bu məsələdə daha mühafizəkar mövqedədir.

“Azərbaycan vətəndaşlığını almaq  üçün hansı tələblər qoyulub” sualını hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında səsləndirib:  “Bu məsələ ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunla, həm də Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Xarici vətəndaşların Azərbaycan Respublikasında vətəndaşlıq alması üçün müəyyən şərtlər var. Bu şəxs Azərbaycan Respublikasında fasiləsiz olaraq 5 il yaşamalıdır, eyni zamanda Azərbaycan dövlət dilini bilməlidir. Bununla bərabər, Azərbaycan Respublikasından qanunla müəyyən olunmuş müddətdə kənara çıxma qaydalarını pozmamalı, kənara çıxacağı təqdirdə məlumat verməlidir. Həmçinin bu müddət 3 ildən artıq olmamalıdır".

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Ə.Allahverdiyevin sözlərinə görə, vətəndaşlıq  həmçinin dövlət başçısı tərəfindən bağışlana bilər: “Məsələn, xarici vətəndaşın ölkəmiz üçün, dövlət maraqlarına, milli maraqlara elə bir addımı ola bilər ki, vətəndaşlıq ona bağışlana bilər. Yaponiyanın Azərbaycanda keçmiş səfiri var idi, məktəblərin tikilməsi üçün fədakarlıq göstərmişdi. O zaman prezident ona vətəndaşlıq bağışladı. Futbolçuların xidmətləri ilə bağlı da onlara vətəndaşlığın bağışlanması reallaşdı. Bu cür güzəştlər mümkündür.

Xaricdə yaşayan azərbaycanlılara, xüsusilə də Gürcüstan azərbaycanlılarına daha asan şərtlərlə vətəndaşlıq hüququnun verilməsi ilə bağlı məsələyə gəlincə, hüquqşünas bildirdi ki, qanunda belə bir məqam nəzərdə tutulmayıb:“Qanunda belə bir şey yoxdur. Bu tələb haqlı da deyil. Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Soydaşımız olsa belə, başqa bir ölkənin vətəndaşlığını daşıyırsa, Azərbaycana gələn zaman onunla xarici vətəndaş kimi rəftar olunmalıdır. Elə ölkə var ki, oraya gedib yerli bir xanımla nikaha girdikdə  vətəndaşlıq verilir. Bizdə belə bir qayda da yoxdur. Gürcüstan azərbaycanlıları da oranın vətəndaşı olduğu üçün burada xarici vətəndaş kimi qəbul edilirlər”.

Ä°lgili resim

Hüquqşünas Əkrəm Həsənov da vurğuladı ki, vətəndaşlığın verilməsi ilə bağlı milliyyət məsələsi əsas götürülmür:“Doğrudur,  dil bilmək məsələsi burada üstünlükdür. Ancaq azərbaycanlı sözünün anlamı Azərbaycanda yaşayan və bu ölkənin vətəndaşı olanlara deyilir. Buraya türk də, talış da, rus  da, ləzgi də daxildir. Hətta Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də var ki, onlar  da azərbaycanlı sayılır. Əgər milliyyətə görə vətəndaşlığın verilməsi şərtləri yumşaldılsa, o zaman İran İslam Respublikasında bizdən daha çox azərbaycanlı yaşayır. O zaman onlar da iddia edə bilərlər. Bu real deyil”.

Azərbaycanda yaşamaq icazəsinin verilməsi üçün də müəyyən şərtlər var. İlk olaraq qeyd edək ki, ölkə ərazisində təhsil alanlara əyani təhsil üçün universitet tərəfindən müvəqqəti yaşayış vəsiqəsi verilir, ancaq sonradan vətəndaşlıq almaq üçün bu vəsiqələr rol oynamır. Yəni təhsil müddəti bitdikdən sonra həmin xarici vətəndaş burada yaşamaq hüququnu itirmiş olur və vətəndaşlıq ala bilmək üçün yenidən çətin şərtlərlə üz-üzə qalır. Yaşama icazəsinin alınması üçün tələb olunan şərtlər Miqrasiya Məcəlləsində öz əksini tapıb. Belə ki, şəxs Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda və ya ölkə iqtisadiyyatına azı 500 min  manat məbləğində investisiya qoyduqda, eləcə də respublika ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya ölkə banklarında həmin məbləğdə pul vəsaiti olduqda,  iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda, ona  yaşamaq üçün icazə verilə bilər. Həmçinin  ölkə ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda, respublikanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda, dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda, o  cümlədən Azərbaycan vətəndaşı ilə rəsmi nikahda olduqda yaşamaq hüququ əldə etmək mümkündür. Qanunvericilikdə nəzərdə tutulan müddətdə ölkədə yaşadıqdan sonra  müəyyən sənədləri təqdim etməklə dövlət başçısına ərizə yazaraq vətəndaşlıq üçün müraciət edə bilər.