| Xəbər 2989 dəfə oxunub
Bakı üçün tramvay, trolleybus, yoxsa metrobus?

Son illərdə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sürətlə artması, habelə avtomobil sıxlığı, tıxac problemi, eyni zamanda ekoloji vəziyyət hökuməti düşünməyə vadar edib. Artıq bununla bağlı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Bu proqramda yollarda təhlükəsizliyin təşkili əsas məqam kimi vurğulanır. Həmçinin velosiped yollarının çəkilməsi, tramvay xətlərinin bərpasının araşdırılması tövsiyə edilən yeniliklərdəndir.

Dövlət proqramında qeyd edilir ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013-2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz, yol-nəqliyyat hadisələrində sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının 30 faiz, yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması planlaşdırılır.

Proqramın təsdiqindən sonra Bakıda tramvay xətlərinin çəkiləcəyi əsas müzakirələr sırasındadır. Bu xətlər çəkilərsə, yol-nəqliyyat qəzalarının faizinin sürətlə aşağı düşəcəyi bildirilir. Bundan əlavə, tramvay xətlərindən daha çox trolleybus xətlərinin çəkilməsinin vacibliyi da müzakirələr sırasındadır. Arqument kimi də tramvay xətlərinin çəkilişinin daha yüksək məbləğ tələb etdiyi, eyni zamanda bunun üçün yol kənarlarında olan tikililəri sökməyin lazım gələcəyi bildirilir. Bunun da istər-istəməz müəyyən narazılıqlara yol açacağını indidən təxmin etmək olar. Hansı xəttin daha səmərəli olması barədə isə səslənən fikirlər müxtəlifdir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a bunları dedi: “5 illik Dövlət Proqramında belə bir müddəa var ki, Bakı şəhərində tramvay nəqliyyatının bərpası, yaradılması imkanları araşdırılsın. Orada yazılmayıb ki, mütləq edilsin. İmkanlar araşdırılsın deyəndə, bu bir tapşırıqdır. Bu, müxtəlif aspektlərdən araşdırılmalıdır. Məkan, sərnişin axınları baxımından yer müəyyən edilməlidir. Eyni zamanda iqtisadi baxımdan sərfəli olub-olmadığı da araşdırılmalıdır. Mənim fikrimcə, şəhərin mərkəzi hissələrində sovet dövründə olan tramvay xətlərinin bərpası mümkünsüzdür. Çünki bunu etmək üçün həmin küçələri tamam dağıtmaq lazımdır. Eyni zamanda bu o deməkdir ki, xətlərin bərpası zamanı hərəkət orada iflic olacaq. Tramvay xətləri salınan zaman həmin xətlər küçə, prospektin bir hissəsini tutacaq. Nəticədə nəqliyyatın hərəkəti daha da çətinləşəcək. Bu baxımdan şəhərin mərkəzi hissəsində tramvayın bərpası perspektivi yaxın gələcək üçün mümkün görünmür. Üstəgəl, bu iqtisadi cəhətdən də sərfəli deyil. Ondansa metrobus deyilən nəqliyyat növü var. Əslində o da tramvay xətti kimidir. Ora xüsusi avtobuslardan heç kəs girə bilməz. Mümkün olan yerdə bunu etmək olar. Yeri gəlmişkən, Dövlət Proqramında bu da var ki, ictimai nəqliyyatın digər növləri... Ümumi şəkildə qeyd olunub. Tramvayı bu və ya digər şəkildə bərpa etmək olar. Başqa şəbəkələşmə imkanları daxilində də Bakı ətrafında bu mümkün görünür.  Şəhərin yeni planlaşdırılan yerlərində də bunu etmək olar. Məsələn, lokal olaraq Ağ Şəhərdə bunu etmək mümkündür. Təbii ki, Ağ Şəhərdən kənara çıxanda aləm bir-birinə qarışacaq. Tramvaya oxşayan şəhərlərarası elektrik qatarları var. Onlarla uyğunlaşdırmaq olar. Dünyada belə bir təcrübə var. Şəhərətrafı elektrik qatarlarından başqa yüngül reysli nəqliyyat vasitəsi var, onlarla uzlaşdırılır. Misal üçün, şəhərətrafı qatar Mərdəkandan keçir, amma Mərdəkanın içərisindən onun stansiyasına tramvay xətti çəkilir. Bu da iqtisadi cəhətdən sərfəli olub-olmaması ilə bağlı edilir. Görək araşdırılan zaman dediklərimiz istiqamətində müsbət rəylər olsa, onu müəyyən yerlərdə həyata keçirmək olar. Unutmaq olmaz ki, tramvay xətləri üçün yol dağıdılmalı, reys qoyulmalı, tramvaylar alınmalı, tramvay parkı yaradılmalıdır. Amma şəhərdə tramvay parkı üçün yer yoxdur. Ona görə bunları ancaq şəhərdən kənarda etmək olar. Elektrik şəbəkəsi də yaradılmalıdır”.

İqtisadçı ekspert Vüsalə Əhmədova məsələyə bu cür şərh verdi: “Elektriklə çalışdığı üçün trolleybus sərfəli görünə bilər. Amma bunun bütün əraziləri əhatə etməsi qeyri-mümkündür. Heç şübhəsiz ki, tramvay xətlərinin bərpasının xərci çox bahalıdır. İstanbuldakı kimi metrobus da ola bilər. Orada metrobus əsas yolları əhatə edir”.