| Xəbər 1381 dəfə oxunub
Hakim partiyadan erkən seçki ilə bağlı açıqlama

Apreldə növbədənkənar parlament seçkilərinin olacağı gözlənilir. Məlumatlara görə, hətta artıq bu barədə bir sıra deputatlara “seçkiyə hazırlaşın” göstərişi də verilib. Ötən il növbədənkənar prezident seçkiləri göstərdi ki, hakim Yeni Azərbaycan Partiyası üçün qəfil növbədənkənar seçkilər hazırlıqlar sarıdan problem yaratmır.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın MirzəzadəBakupost-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılmır: “Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri, sadəcə, müzakirə kimi qəbul edirik. Konstitusiyaya əsasən, hazırkı parlamentin səlahiyyət müddəti gələn ilin noyabrında başa çatacaq. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”.

Müxalifət düşərgəsi üçün isə ötənilki təcrübə göstərdi ki, növbədənkənar seçkilər bir sıra problemlər yaradır.

Seçkiyə hazırlıqsız yaxalanmaq ehtimalı belə görünür ki, yenə də var. Bəs növbədənkənar parlament seçkiləri keçirilsə, müxalifət partiyaları seçkidə iştirak edəcəklərmi?

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, növbədənkənar parlament seçkiləri yüksək ehtimallıdır: “Fikrimcə, bu ehtimalı artıran amil hakimiyyətdaxili proseslərlə əlaqəlidir. 2015-ci ildə parlamentin necə formalaşdığını hər kəs bilir. Mandat alan namizədlərin çoxu o dövrdə oliqarxlar tərəfindən irəli sürülmüşdü. İndi isə həmin oliqarx korpusunun bir hissəsi ”vurulmuş", digər hissəsi zəiflədilmiş vəziyyətdədir. Bütövlükdə parlamentin belə kontingentin nəzarətində olması iqtidarın nüvəsi üçün təhlükə mənbəyidir. Bu baxımdan düşünürəm ki, mütləq seçki olacaq. Aprel belə statuslu seçki üçün “uğurlu” sayılmalıdır. Çünki təbliğat periodu Novruz bayramına təsadüf edir.

Seçki rəsmi elan olunarsa, onu ayrıca dəyərləndirəcəyik. İştirakımız o dəyərləndirmədən asılı olacaq. İstərdim ki, hakimiyyət obyektiv prosesdə maraqlı olsun. Qərarımız o günə bu faktorlardan doğacaq".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, növbədənkənar parlament seçkiləri söhbəti artıq uzun müddətdir davam edir. Ancaq bu istiqamətdə konkret hansısa addımların atıldığı və ya hazırlıq getdiyi barədə heç bir hərəkətlilik müşahidə edilmir: “Buna baxmayaraq, əvvəllər də qeyd etdiyim kimi, istənilən siyasi partiya istənilən anda seçkiyə hazır olmalıdır. Çünki partiyanın əsas işi seçkilərə qatılıb orada qalib gəlməkdir. Odur ki, biz AĞ Partiya olaraq çalışırıq öz gücümüzə uyğun olaraq hər an seçkilərə hazır olaq və o seçkilərdən hansısa müsbət nəticələrlə ayrılaq. Bizim partiyanın yeni formalaşmasına baxmayaraq, bu istiqamətdə kifayət qədər təcrübəmiz var. Son növbədənkənar prezident seçkiləri və AĞ Partiya olaraq bizim bu seçkilərdə iştirakımız dediklərimin əyani sübutudur. Əgər növbədənkənar parlament seçkiləri keçiriləcəksə, biz AĞ Partiya kimi bu seçkilərdə tam gücümüzlə iştirak edəcəyik. Bununla bağlı partiyadaxili kifayət qədər diskussiyalarımız və dəyərləndirmələrimiz olub. Azərbaycanda mövcud 125 seçki dairəsindən ən azı 20-25 dairədən namizəd irəli sürməyə çalışacağıq. Ancaq indidən bu barədə danışmağı hələlik tez hesab edirəm. Hələ bir az daha gözləyərək siyasi proseslərin necə inkişaf edəcəyini və hansı şəraitin yaranacağını müşahidə etmək gərəklidir. Sonda bir fikrə vurğu etmək istəyirəm, biz AĞ Partiya olaraq, ümumiyyətlə, hər hansı seçkiləri boykot etməyin əleyhinəyik. Boykotun mövcud hakimiyyətə xeyrindən başqa hansısa fayda verə biləcəyinə qətiyyən inanmırıq. Biz yüz faiz seçkidə iştirak edəcəyik”.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə gedilməsinin tərəfdarıdır:“Əgər seçkilər olacaqsa, bizim parlament seçkisinə gedəcəyimiz dəqiqdir. İstər vaxtında, istərsə də növbədənkənar olsun, biz seçkilərdə iştirak edəcəyik. Siyasi partiya və siyasətçi seçkidən kənar qala bilməz. İştirak formatını isə məsələ tam aydınlaşandan sonra bəyan edəcəyik”.

AMİP katibi Əli Orucov qeyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir, lakin hələ ki rəsmi mövqe yoxdur: “Parlamenti yenidən formalaşdırmağa yeni siyasi qüvvələrə və simalara ciddi ehtiyac duyulur. Üstəlik də ölkədə və dünyada gedən sürətli proseslər, xüsusən də sosial-iqtisadi vəziyyət, Qarabağ probleminin həll edilməməsi, rəsmi Bakıya davamlı beynəlxalq təzyiqlər demokratik və şəffaf seçkilərlə parlamentin formalaşdırılmasını zəruri edir. Lakin mən zənn etmirəm ki, hakimiyyət növbədənkənar parlament seçkilərinə getsin. Partiyamızın əgər apreldə növbədənkənar parlament seçkiləri olarsa, iştirakına gəlincə isə bu barədə qərarvermə səlahiyyəti kollegial orqanlardadır. Amma təcrübədən çıxış edərək deyərdim ki, boykot taktikası doğru taktika deyil və bu özünü doğrultmayıb. Ona görə də partiya bu taktikadan təkcə bir dəfə 1999-cu il bələdiyyə seçkilərində istifadə edərək yerli özünü idarə orqanlarına seçkilərə qatılmayıb. Çox güman ki, partiya seçkilərdən kənarda qalmayacaq. Yaxşı olardı ki, müxalifət düşərgəsi 2019-cu ildə keçiriləcək bələdiyyə və ehtimal olunan növbədənkənar parlament seçkilərinə hazırlıqlarına indidən start versin. Əməkdaşlıq, birlik və bloklaşma formatları üzərində çalışmalara başlasınlar ki, vaxt itkisinə yol verilməsin. Belə olarsa hamı üçün faydalı və məqbul olardı”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, əgər vaxtından əvvəl parlament seçkisinə gedilsə, yəqin ki, siyasi müxalifətin aktivliyi olacaq: “Nəzərə alsaq ki, bu ilin sonunda həm də bələdiyyə seçkiləri olacaq, bir ildə iki respublika əhəmiyyətli seçkilər ölkədə də siyasi ab-havanı qaynarlaşdıracaq. Hakimiyyətin bunu gözə alacağına nə isə o qədər inamım yoxdur. Əgər parlament seçkiləri qərarı veriləcəksə, KXCP-nin müvafiq strukturları müzakirələrdən sonra iştirak etmək və ya etməmək qərarı verəcək”.