| Xəbər 668 dəfə oxunub
“Söyüş müxalifəti”nin Avropada qavradıqları və umduqları....

Xaricdəki azərbaycanlılardan ibarət “söyüş müxalifəti”  son günlər yenə də sosial şəbəkələrdə aktivləşib. Hətta onlar arasında sivil mübarizə apardığını söyləyib, cəmiyyəti dəyişikliyə səsləyənlər də söyüş söyməyə başlayıblar. Maraqlıdır, guya demokratik təfəkkürə malik olduqlarını iddia edən və guya ölkədəki vəziyyətlə barışmayan bu adamların qavradıqları “Avropa mədəniyyəti” budurmu? 

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı mövzu ilə bağlı qısa danışıb. O bildirib ki, hazırda xarici ölkədə müalicə aldığı üçün geniş açıqlama verə bilmir:

“Mən hər zaman xaricdə yaşayan bir qrup söyüş söyənləri lənətləmişəm. Onlara bağlı fikirlərim, mövqeyim bəllidir. Azərbaycan dünya miqyasında öz nüfuzunun güclənməsi ilə bağlı ciddi addımlar atdıqda bu cür yaramazlıqlar daha qabarıq şəkildə özünü göstərir. Birmənalı şəkildə demək istərdim ki, onların Azərbaycana heç bir bağlılıqları yoxdur. Onlar yaxşı həyat tərzi keçirmək üçün ölkəmizi sevməyən, Azərbaycana düşmən kəsilən anti-Azərbaycan qüvvələri ilə birlikdədirlər. Onların koalisiyasında yer alıblar. Onlar birmənalı şəkildə antimilli qüvvələrdir”.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, Avropada yaşayan məlum şəxslər öz imkanları daxilində həmin yerlərə gedib çıxmayıblar:

“Onları həmin yerlərə aparan adamlar, qruplar var. Bu qrupların da böyük əksəriyyəti Azərbaycanla mübarizədə olub, dövlətimizin güclənməsini gözü götürməyən şəxslərdir. İndi də həmin qrupların bəzən Azərbaycana münasibəti dəyişir. Son zamanlar Avropada yaşayan qeyd etdiyimiz qüvvələr tez-tez aktivləşirlər. Hesab edirəm ki, onlar artıq həyat uğrunda mübarizə aparırlar. Yəni bu adamlar Avropadan Azərbaycana qayıtmaq istəmirlər və guya qorxurlar. Düşünürəm ki, bu adamlar üçün ölkədə böyük təhlükə yoxdur. Əgər qayda-qanunu pozublarsa, sadəcə olaraq, qanuni cəzalarını alacaqlar. Görünür ki, bu adamlar prinsipial məsələlərə görə Azərbaycana qayıtmağı istəmirlər. Avropada isə artıq qrant ala bilmirlər. Onları həmin ölkələrə aparan qruplar da elə zənn edin ki, pulu sapa bağlayaraq, yuxarıdan asıblar. İndi bu adamlar arada hoppanıb, qışqırmasalar pul qazana bilməzlər. İndi də düşünürəm ki, bu kimi səbəblərə görə Mehman Hüseynov olayını yaradıblar və prosesi istədikləri kimi inkişaf etdirirlər”.

Politoloq bildirib ki, burada eyni zamanda  başqa siyasi məqamlar da var:

““Şərq Tərəfdaşlığı”na üzv olan ölkələrin  vətəndaş cəmiyyətlərinin, bu yaxınlarda Tiflisdə konfransları keçirildi. Əslində Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyi tam olaraq Azərbaycanın xeyrinədir. 2017-ci il noyabr ayının 24-də ölkə prezidenti cənab İlham Əliyev Brüsseldə keçirilən sammitdə çıxış etdi. Sammit yekun olaraq qərara aldı ki, “Şərq tərəfdaşlığı” üzvü olan ölkələrin hamısının ərazisindəki münaqişələr ərazi bütövlüyü, dövlət suverenliyi prinsipi əsasında tənzimlənməlidir. Bu, əslində Avropada olan ermənilərə və onların havadarlarına çox böyük zərbə idi. Çünki ermənilər uzun illədir çalışırdılar ki, Dağlıq Qarabağ məsələsi ayrı olsun. İstəyirdilər ki, bu münaqişə Gürcüstan, Ukrayna, Moldova ölkələrinin ərazisindəki münaqişələrdən fərqli göstərilsin. Lakin İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini də qeyd etdiyimiz dövlətlərin ərazisindəki münaqişələrə bərabər tutdu. Yəni Avropa üçün Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyü nə qədər önəmlidirsə, Azərbaycanın da ərazi bütövlüyü prinsipi bir o qədər önəmlidir. Bundan sonra bəzi bəlli qurumlar yeni dalğa ilə Azərbaycanın üstünə gəlməyə başlayıblar.

Elə başa düşürəm ki, bu, Avropada yaşayan azərbaycanlıların bizim xalqa, dövlətimizə qarşı heç də ən aktiv mübarizəsi deyil. Daha aktiv cəhdlər qarşıda olacaq.  Bu baxımdan hesab edirəm ki, ən yaxşısı odur ki, Avropada yaşayan azərbaycanlıların burada yaşayan qohumları bir daha düşünsünlər.  Oradakı adamların başlarına ağıl qoysunlar. Onları gecə də olsa, Azərbaycana gətirsinlər. Çünki Avropa əvvəl-axır bu adamları Azərbaycana verəcək. Özü də əli-qolu bağlı şəkildə. Həmin zaman isə bu adamların Avropadakı tərəfdarları onları müdafiə edə bilməyəcəklər. Avropada müəyyən qruplar çalışırlar ki, onlar Azərbaycandan daha çox şey əldə etsinlər. Yəni bizim Avropadakı azərbaycanlılar onları həmin yerlərə aparan qruplar tərəfindən sövdələşmə, alver predmetinə çevrilib. Konkret desək, qiymət qoyublar. Qiymət məsələsində Azərbaycanla razılaşan kimi həmin adamları bizə verəcəklər. Bu adamlar da gəlib, ölkədə artıqlaması ilə həbs cəzası alacaqlar. Ona görə də nə qədər gec deyilsə, özləri indidən gəlib təslim olsunlar. Bəlkə belə olarsa cəzaları da yüngül olar".