|
Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub

Dekabrın 16-da Vyanada “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının təşkilatçılığı ilə 50-ci “Beynəlxalq Festival – Bazar” xeyriyyə tədbiri keçirilib.

Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizi həmin tədbirdə təmsil edib. Tədbirdə səfirliyimizin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörək və şirniyyatları iştirakçılara təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də Azərbaycan şirkətlərinin məhsulları nümayiş olunub.

“Uşaqlara yardım üçün birləşmiş əllər” devizi altında keçən xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış ediblər. Tədbirə baş çəkən minlərlə insan qısa müddət ərzində Azərbaycan qutabı, Kolumbiya şokoladı, yapon sakuramoçisi, gürcü xaçapurisi, İsveçrə rakleti, ispan paeyası və digər təamların dadına baxmaq imkanı əldə ediblər. “Beynəlxalq Festival – Bazar”da dünyanın 80-dən artıq ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunublar.

Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası hər il təşkil olunan “Beynəlxalq Bazar” festivalından əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir. Gildiyanın məqsədi dünyada yardıma ehtiyacı olan uşaqlar və həmçinin ana-uşaq üçün himayə proqramlarını dəstəkləmək və bu yolla Vyanada yerləşən BMT bölməsinin qadınlar üçün mühüm üzv tərəfdaşı və mərkəzi funksiyasını yerinə yetirməkdən ibarətdir