|
BMT Yəməndə atəşkəsə nail oldu

İsveçdə aparılan Yəmən danışıqlarında mühüm nəticə əldə olunub. Rusiyanın RT kanalının məlumatına görə, tərəflər Yəmənin Taiz əyaləti və eyni adlı şəhərdə atəşkəs elan olunması ilə bağlı razılaşıblar. Razılaşmaya əsasən əyalətdə döyüşlər dayandırılacaq və 2016-cı ildən bağlı olan yollar açılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyində koalisiya qüvvələri Taiz şəhərinə iki il əvvəl hücum edib. Taiz Yəmənin cənubunda sahil əraziləri əhatə edən və strateji əhəmiyyətli, ölkənin əsas iqtisadiyyat mərkəzi olan Ədən şəhəri ilə həmsərhəddir.

Ötən həftə paytaxt Stokholm şəhəri yaxınlığında Rimbo qəsəbəsində başlayan Yəmən danışıqlarının əsas hədəfi Yəməndə atəşkəsin əldə olunması, əsirlərin azad edilməsi, ümumiyyətlə, müharibəyə son qoyulmasıdır. Danışıqların təşkilatçısı, BMT-nin Yəmən üzrə xüsusi təmsilçisi Martin Qriffits keçirdiyi mətbuat konfransında deyib ki, danışıqlar prosesində ciddi irəliləyiş var, ancaq ciddi nəticə üçün dəstəyə ehtiyac var. O qeyd edib ki, hələlik atəşkəs və iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı ilkin anlaşma var. Bundan başqa, ötən həftə sonu tərəflər əsirlərin azad edilməsində də razılaşıblar.

Ä°lgili resim

Bu arada Qriffits İsveç danışıqlarında tərəflərə təqdim olunan həll planının detallarını açıqlayıb. “Əl-Cəzirə”nin məlumatına görə, BMT xüsusi təmsilçisinin açıqladığı sənəddə siyasi və hərbi keçid mərhələsinin detalları qeyd olunub. Bundan başqa, sənəddə bütün Yəmən ərazisində, o cümlədən Səudiyyə Ərəbistanı ilə sərhəddə döyüşlərin dayandırılması təklif olunub.

Ancaq sənəddə atəşkəs və sülh prosesi mərhələlərlə qeyd olunub.

Maraqlıdır ki, “Əl-Cəzirə” hər iki tərəfin, yəni həm Mansur Hadi hökuməti, həm də Ənsarullah heyətinin BMT planının müzakirəyə dəyəcək səviyyədə olduğunu qəbul edib. İndi isə bundan sonra nə olacağı, tərəflərin prosesi necə davam etdirəcəyini gözləmək lazım gələcək. Məsələ ondadır ki, Yəmən savaşı həm də mandat müharibəsidir. Savaşın bir tərəfində Mansur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanı və bir sıra körfəz ölkələri, digər tərəfdə isə husiləri dəstəkləyən İran dayanır.

Ancaq İsveçdəki Yəmən danışıqlarında, sadəcə, savaşan iki tərəf, yəni Hadi hökuməti və Husi hökuməti iştirak edir. Ölkənin cənubunda hələ də güclü olan keçmiş Cənubi Yəmən tərəfdarları olan qüvvələr, eləcə də ölkənin cənub şərq hissəsində böyük ərazilərə nəzarət edən “Yəmən əl-Qaidəsi” danışıqlara dəvət olunmayıb.

Bundan başqa, Yəməndə faktiki olaraq savaşan və mandat müharibəsi aparan İran, Səudiyyə Ərəbistanı və BƏƏ İsveç danışıqlarına dəvət olunmayıb. Ancaq aydın məsələdir ki, hər 3 ölkənin Yəməndə savaşan tərəflərə güclü təsiri var. Üstəlik, ölkənin cənubundan faktiki olaraq nəzarət BƏƏ və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinə məxsusdur. Bu da İsveç danışıqlarını daha da mürəkkəbləşdirir. Çünki qeyd olunan arxa güclər razılaşma əldə etməsə, köklü anlaşmanın əldə olunması real görünmür.

Xatırladaq ki, 2014-cü ilin payızında husilərin Sənaya hücum edərək prezident Hadini devirdikdən sonra başlayan münaqişə 2015-ci ilin 26 martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb hərbi koalisiyasının Yəmənə hücumu ilə ağır müharibəyə çevrilmişdi. Hazırda da tərəflər arasında savaş davam edir.

yemende ateşkes ile ilgili görsel sonucu

Yəməndə atəşkəs əldə olunması üçün 2016-cı ildə İsveçrədə danışıqlar başlasa da, əldə olunan atəşkəs razılaşması pozulduğu üçün danışıqlar yarımçıq qalmışdı. İndi isə Yəməndə humanitar böhran daha da dərinləşib, əhalinin yarıdan çoxu aclıq çəkir, xəstəlik səbəbindən minlərlə uşaq ölüb. Yəməndə humanitar böhran dözülməz həddə çatıb, dinc əhalinin bombalanması nəticəsində hər gün onlarla dinc insan ölür.

Ancaq dünya ölkələri, xüsusən də ABŞ və onun müttəfiqləri Yəməndəki husilərin İran tərəfindən dəstəkləndiyini əsas gətirərək Səudiyyə Ərəbistanına açıq şəkildə dəstək verirdi. Münaqişənin əsas səbəbkarı olaraq İran və onun dəstəklədiyi qüvvələr, yəni husilər göstərilirdi. Ancaq bu ilin oktyabrında situasiya dəyişdi. Birincisi, Yəməndə humanitar böhran daha da dərinləşdi, aclıqdan və dərman çatışmazlığından ölən yəmənli uşaqların şəkilləri dünya mediasında, sosial şəbəkələrdə yayıldı. Digər tərəfdən, Səudiyyə Ərəbistanı təyyarələrinin dinc əhali və ordu ayırmadan yaşayış məntəqələrini bombalaması nəticəsində ölənlərin sayı artıb, vəziyyət fəlakətli həddə çatıb.

Yəməndə 2015-ci il martın 26-da başlayan Səudiyyə Ərəbistanı hərbi müdaxiləsindən sonra 55 min insan ölüb. Onlardan 7 mini mülki əhalidir. Hazırda 22 milyon əhalisi olan Yəməndə 15 milyon insan qida əldə etməkdə çətinlik çəkir.

Yəməndə hazırda ciddi humanitar böhran yaşanır. UNİCEF-in məlumatına görə, hazırda 85 min yəmənli uşaq aclıq təhlükəsindən ölümlə qarşı-qarşıyadır, hər 10 dəqiqədə bir yəmənli uşaq aclıq və xəstəlikdən dünyasını dəyişir.