|
Nəqliyyat eksperti küçə süpürənlərin həyatını qorumağın yolunu göstərdi

Son dövrlər yol təmizləyən qadınların avtomobil vurması hallarına tez-tez rast gəlirik. Sonuncu belə hadisə dekabrın 6-da  Heydər Əliyev prospektində “Bağırov” körpüsünün yaxınlığında yaşanıb.

Belə ki, süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı avtomobil vurması nəticəsində ağır xəsarət alıb. Vəziyyəti ağır olduğu üçün o, 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, bir gün sonra dünyasını dəyişib.

İndiyə qədər bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün dövlət tərəfindən bir sıra tədbirlər görülüb. Son görülən tədbirlərə qısa da olsa nəzər salaq:

Bu ilin aprel ayında Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlandı. İşıqlı və işıqqaytaran funksiyası olan həmin jiletlər 500 metrə qədər məsafədən aydın görünür. Bu geyimin hazırlanmasında məqsəd təmizlik işçilərinin xüsusi ilə erkən saatlarda yolları süpürərkən sürücülər tərəfindən vurulması faktının qarşısını almaq idi.

Bildirildi ki, magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər paytaxtın bütün rayonlarında kommunal işçilərinə paylanacaq.  Bu ilin avqust ayında  magistral yol kənarlarına, ərazidə təmizləyicilərin işlədiyini göstərən xüsusi nişanlar qoyuldu. Eləcə də eyni ayda yol təmizləyən maşınlar gətirildi. Xəbər yayıldı ki, Rusiyanın “Yaroslaviç” İstehsalat Müəssisəsi “KDM76-15" ”Yaroslaviç" 5 ədəd kommunal-yol maşınlarının növbəti partiyasını Azərbaycana yola salıb. “KamAZ-65115" şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Onlar həm şəhər, həm də şəhərətrafı yollarda istifadə oluna bilər.

İlqar Hüseynli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, ilk növbədə işə götürmə zamanı yaş məhdudiyyəti tətbiq edilməlidir: “Görürük ki, işə götürülənlərin əksəriyyəti yaşlı qadınlardır. O qadınların sağlamlıq durumu, fiziki imkanları da hadisədən yayınmağa imkan verməyə bilər. Ümumi götürəndə, həm də iş rejimi ilə bağlı da təşəbbüslərdə fərqli məqamları seçmək lazımdır. Yaxşı olar ki, bu fəaliyyətlə məşğul olan insanların böyük əksəriyyətini səhər, ala-toran vaxtı deyil, günün ikinci hissəsində, nəqliyyat vasitələrinin prospektlərdə sürətinin daha aşağı olduğu ərəfədə işə cəlb etsinlər. Burada sırf olaraq texniki prosedurlara diqqət ayırmaq lazımdır. Deyim ki, dünyanın əksər ölkələrində bu fəaliyyətlə məşğul olan insanlar var. Lakin diqqət etmişəm ki, xarici ölkələrdə əsasən gəncləri bu işə cəlb edirlər. Azərbaycanda da belə etmək olar. Yaşlı qadınların həm hadisəyə reaksiya verib yayınması zəifdir, həm də ola bilər ki, eşitmə, görmə ilə bağlı problemləri olsun. İkincisi də yaxşı olar ki, daşınan avadanlıqlardan istifadə edilsin. Bu avadanlıqların üzərində xüsusi plakatlar yerləşdirilir və işığı əks etdirən nişanlar yapışdırılır. Təmizləyicilər işlədikləri yerdə bunu qoyub, sürücülərə işarə verirlər ki, burada təmizlik işləri aparılır. Bakıda təəssüf ki, bu qurğulardan da istifadə olunmur. Olunsa da bu, çox az yerdədir. Eyni zamanda təmizlikçilər təlimatlandırılmalıdır. Onlar bu kimi avadanlıqlardan necə istifadə edildiyini bilməlidirlər”.

Ekspert bildirib ki, hadisələrdə süpürgəçilərdən daha çox, sürücülərdə günah var: “Onların cəzalanması bu məsələnin qarşısının alınmasına kömək etmir. Çünki sürücü ilk növbədə hadisədən yayınır və onu sonradan aşkarlamaq çətin olur. Eyni zamanda bir çox hallarda günahkar kimi işçilər önə çəkilir. Bu məsələlərdə qanunvericilik sərtləşdirilməlidir. Qəzanı törədən sürücülərin cəzalandırılması üçün daha sərt mexanizmlər tətbiq olunmalıdır. Eyni zamanda burada həm də o xidməti həyata keçirən, bu işə cavabdeh olan dövlət orqanlarının məsuliyyətini artırmaq gərəkdir. Hesab edirəm ki, təmizlik işlərini həyata keçirən xidmətçilərin günün ala-toran vaxtı işə cəlb edilməsi, Əmək qanunvericiliyinin pozulması kimi dəyərləndirilməlidir.

Bəlkə də onların iş müddətini daha çox günün ikinci yarısına keçirmək mümkün olar. Dünyanın əksər ölkəsində bu işləri görmək üçün kiçik maşınlar tətbiq edilir. Həmin maşınları bir sürücü idarə edir və yolu rahat şəkildə təmizləyir. Nəticədə burada əl əməyi minimuma endirilir. Azərbaycanda əksər prospektlər əl əməyi ilə təmizlənir ki, bu da bir problemdir. Eyni zamanda təklif edirəm ki, prospektlərimizin işıqlandırılması məsələsinə də diqqət edilsin. Bəzi prospektlərimizdə işıqlanma normaldır. Bakının əksər prospektlərində işıqlanma sistemi doğru-dürüst qurulmayıb. Saat 3-4-dən sonra müşahidə edirik ki, müxtəlif prospektlərdə işiqları söndürürlər. Bu, doğru addım deyil. Bütün bu kimi faktorlar ölkədə belə bədbəxt hadisələrin yaşanmasına gətirib-çıxarır. Qeyd etdiyim təkliflər gerçəkləşdirilsə, hesab edirəm ki, təmizlik işlərini aparanların ölüm halları minimuma enər”.