| Xəbər 1237 dəfə oxunub
Bölgələrdə 30 min hektardan artıq sahədə siçanabənzər gəmiricilər yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22 800 hektarda fitosanitar müşahidələr aparılıb və 20 350 hektarın adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən olunub. Ümumilikdə, 12 750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8 663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 6 710 hektarda payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik otlaqlarda və təbii otlaqlarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və Cəlayır, Ağyazı, Qum, Almalı, Ləkit, Qıpçaq, Əmircan və Əlibəyli kəndlərini əhatə edən 5 330 hektarda sirayətlənmə müəyyən olunub. Dövlət büdcəsi hesabına 2 046 hektarda kimyəvi mübarizə həyata keçirilib. Aparılmış mübarizənin bioloji səmərəliliyi 89 faiz təşkil edib. Qalan sahələrdə isə mübarizə tədbirləri davam etdirilir.

 

Zaqatala rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 5 450 hektarda müşahidə aparılıb və 1 600 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən olunub. Təsərrüfat subyektləri hesabına 645 hektarda mexaniki, 620 hektarda isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qobustan rayon ərazisində də adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri başlayıb. Qobustan rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 4 900 hektarda müşahidə aparılıb və 2 850 hektar sahənin siçanabənzər gəmirici ilə sirayətləndiyi aşkarlanıb. 2 618 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun 2 598 hektarı dövlət büdcəsi, 20 hektarı isə təsərrüfat subyektləri hesabına olub.

Hazırda adıçəkilən rayonlarda siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.