|
Samir Şərifov: “Hökumət qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub”

“Hökumət öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub. Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır. Bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, məcəlləyə edilən xüsusi güzəşt müvəqqəti xarakter daşıyır:

“Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcək. Eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da ayırmalar var. Amma məncə bunu vergi hesab etmək düzgün olmaz. Çünki pensiyaya çıxdıqda, o adam DSMF-dən pul almaq hüququ qazanır. Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxır. Onların ümumi ödəniş yükü 35% azaldılır. Hökumətin qənaətincə bu əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq. Ya Bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar. Biz istəyirik ki, onlar DSMF-yə layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar”.