|
Eldar Namazovdan Qarabağla bağlı ilginc açıqlamalar

“Paşinyan yalvarır ki, ay Lukaşenko, ay Nazarbayev, açıq deyin ki, bu torpaqlar azad olunmalıdır və KTMT müharibədə Ermənistanı müdafiə etməyəcək”

Seçkiöncəsi gərgin həyatını yaşayan işğalçı Ermənistanda vaxtaşırı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı Qarabağ məsələsi ilə əlaqədar ittiham edirlər. Rəqibləri iddia edir ki, Paşinyan Qarabağı Azərbaycana qaytarmaq, yaxud “satmağa” hazırlaşır. İşğalçı ölkədə səslənən ittihamlar və digər məsələlərlə bağlı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a olduqca ilginc açıqlamalar verdi.

- Eldar bəy, Paşinyanın əleyhdarları iddia edirlər ki, o, Qarabağı “satmağa”, yaxud geri qaytarmağa hazırlaşır. Bu, seçkiöncəsi şantajdır, yoxsa hansısa əsası var?

- Sözsüz ki, burada hər iki hal mövcuddur. Adətən Ermənistanda keçirilən seçkilərdə Qarabağ kartından istifadə olunur. Məsələn, vaxtilə bu kartdan Levon Ter-Petrosyana qarşı istifadə edirdilər və bunun nəticəsində də neçə seçki dalbadal onun partiyası barajı keçib parlamentdə təmsil oluna bilmir. Ona görə ki, bu partiya Levon Ter-Petrosyana qarşı şiddətli bir kampaniya aparırdı ki, bu adam 1998-99-cu illərdə Dağlıq Qarabağın ətrafında işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq və kompromisə gəlib barışmaq ideyasını irəli sürmüşdü. O, həmin ideyadan bu günə kimi də imtina etmir. Biz belə bir kampaniyaları ötən seçkilərdə görmüşük. Məncə, Paşinyanla bağlı indi aparılan bu kampaniyanın daha dərin kökləri var. Bu, yalnız şayiələr, kompromat savaşı deyil. Robert Köçəryanın və Serj Sərkisyanın tərəfdarları həqiqətən real təhlükə görürlər.

- Söhbət nədən gedir?

- Birincisi, Paşinyan özü uzun illər Ter-Petrosyanın komandasında çalışıb. 1 mart hadisələri deyilən və indi də istintaqı gedən prosesdə Ter-Petrosyanın tərəfdarları seçkiləri udduqlarını iddia edib küçələrə çıxmışdılar və onlara qarşı silah, güc tətbiq olunmuşdu, 10-a yaxın insan öldürülmüşdü. Həmin prosesdə Ter-Petrosyanın komandasının ən fəal üzvlərindən biri və o etirazların təşkilatçılarından biri kimi Nikol Paşinyan var idi. Ona qarşı cinayət işi açılmışdı, əvvəlcə ölkədən qaçdı, sonra qayıtdı, həmin cinayət işi üzrə həbs olundu. Yəni Paşinyanın müəyyən bir imici var ki, o, Ter-Petrosyana yaxın adamdırsa, deməli, onun Qarabağla bağlı ideyalarını, fikirlərini də bölüşür. Ona görə ki, Paşinyan Ter-Petrosyanla bu kampaniyalarda iştirak edəndə və onu dəstəkləyəndə Köçəryan və Sərkisyan hakimiyyəti şiddətli kampaniya aparırdılar ki, bunlar Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş əraziləri satmaq, Azərbaycana qaytarmaq istəyirlər. İkinci amil odur ki, Paşinyan hakimiyyətə gələndən sonra ABŞ-ın Ermənistandakı səfiri açıq bəyan etdi ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilər azad olunmalıdır. Təbii ki, bu halda sual yaranırdı: niyə ABŞ-ın səfiri bu bəyanatla Köçəryan və ya Sərkisyan hakimiyyətdə olduğu dövrdə çıxış etmirdi? Niyə gözlədilər ki, Nikol Paşinyan hakimiyyətə gəlsin və böyük rezonans doğuran bir bəyanatla çıxış edib Ermənistanda aləmi bir-birinə qatsınlar?

- Elə bu barədə sual vermək istəyirdim, siz mövzuya keçid etdiniz. Necə bilirsiniz, Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyanın indi Qarabağla bağlı ABŞ-ın masaya qoyduğu hansısa həll planını icra etmək öhdəliyi varmı? Con Bolton da İrəvan səfəri zamanı Ermənistanın taleyinin Qarabağ məsələsinin həllindən asılı olduğunu demişdi. Bütün bunlar nikbin qənaətə gəlməyə əsas verirmi?

- Öhdəlik məsələsi var. Con Boltonun bəyanatı Milsin bəyanatını daha da gücləndirdi və əsaslandırdı. Bolton elan etdi ki, Ermənistanın gələcəyi də, iqtisadi islahatların da həlli Qarabağ probleminin həllindən asılıdır. Eyni zamanda Ermənistanda xarici təsirin, təzyiqin azalmasını, yəni “Rusiyanın təsiri altından çıxmaq ideyası”nı irəli sürürdülər.  Paşinyanın özü və tərəfdarları da on illərdir bu ideyanı irəli sürürdülər ki, biz Rusiyadan asılı olmalı deyilik. Həmin o təsirin altından çıxmağın da yolu Qarabağ probleminin həlli və qonşularla normal münasibətlərin yaranmasıdır, Bolton bunu dedi. Ancaq burada maraqlı məqam var ki, Rusiya tərəfindən də son dövrlərdə Qarabağla bağlı irəli sürülmüş təşəbbüslərdə - gah “Kazan sənədi”, gah “Lavrov planı” deyirlər - Dağlıq Qarabağın ətrafında işğal olunmuş torpaqların azad olunması nəzərdə tutulub. Bu, təkcə ABŞ-ın mövqeyi deyil, Rusiya da məsələnin həlli ilə bağlı bir plan hazırlayıbsa, torpaqların azad olunması avtomatik orda olmalıdır. Ona görə də Paşinyan indi müdafiə olunanda həmin sənədlərə istinad edib deyir ki, mən yox, Serj Sərkisyan torpaqları qaytarmaq istəyirdi, bu, “Kazan sənədi”ndə də, “Lavrovun planı”nda da var idi, onlar buna hazırlaşırdılar. Yəni ABŞ və ya Rusiya tərəfindən hansısa bir sülh planı irəli sürüləndə, Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad olunması prinsipi burada əsas götürülür. Ancaq burada vacib bir məqam da var. O da ondan ibarətdir ki, Serj Sərkisyan və Robert Köçəryan çalışırdılar bunu ictimaiyyətdən gizli saxlasınlar.  20 illik hakimiyyətləri dövründə ictimai rəyi formalaşdırırdılar ki, bir qarış da torpaq azad oluna bilməz. Və süni bir mənzərə yaradırdılar ki, guya bununla bağlı Ermənistana heç bir təzyiq edilmir. Halbuki pərdə arxasında diplomatlar daim onlara deyirdilər ki, bu torpaqlar azad olunmalıdır, bu, Madrid prinsiplərində də, digər sənədlərdə də öz əksini tapıb. Ancaq Robert Köçəryanın və Serj Sərkisyanın tutduğu xətt o idi ki, bu mövzuda Ermənistanda heç bir müzakirə gedə bilməz, bunu açıqlamaq olmaz. Və ictimai rəyi formalaşdırmaq lazımdır ki, heç bir qarış torpaq azad oluna bilməz. Bunlara qarşı ABŞ öz səfirinin dilindən dedi ki, bunlar ictimaiyyətə açıqlanmalıdır və bunun müzakirəsi başlanmalıdır, erməni cəmiyyəti bilməlidir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş ərazilərin azad olunmasını nəzərdə tutur. Bu, hər bir sülh planında var və bunu ictimai rəydən gizlətmək, bu haqda danışmamaq yanlış bir xətdir.

- Bununla yanaşı, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faktoru var. Düzdür, Ermənistan bu qurumda və Moskvanın yanında etimadını itirib, amma fakt faktlığında qalır...

- İndi çox maraqlı mənzərə yaranır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilat ilə Ermənistan arasında çox ciddi qalmaqal baş verir. Bu, təşkilatda Ermənistanı təmsil edən Yuri Xaçaturova cinayət işinin açılmasından sonra onun geri çağırılması ilə bağlıdır. Erməni tərəf də Qazaxıstan və Belarusu ittiham edir ki, onlar erməni nümayəndənin seçilməsinə qarşıdırlar. Ancaq faktiki olaraq Rusiya da bunu deyir və əslinə qalsa, Ermənistanı birinci bu məsələdə ittiham edən Rusiya XİN rəhbəri Lavrov oldu. Dedi ki, belə adamların həbsi bizim münasibətlərimizə mənfi təsir edəcək. Yəni ən birinci kəsin reaksiya verən Rusiya oldu. Onun ardınca Qazaxıstan  və Belarus dedi ki, onda ermənilərin nümayəndəsinin yenidən bu posta seçilməsi düzgün addım deyil. Hətta təşkilatın baş katibinin müavini olan Rusiya nümayəndəsi dedi ki, bütün ölkələr bu fikirdədir. Bu barədə Nazarbayev də mətbuat konfransında demişdi ki, hamı bu mövqedədir. Burada biz bir məqama diqqət yetirək. Nikol Paşinyan çox açıq şəkildə vurğulayır ki, orada baş katib məsələsi həlledici deyil. Ümumiyyətlə, o, istəyir KTMT-nin iclasında açıq müzakirə aparsın ki, bunların Ermənistan qarşısında və Ermənistanın onlar qarşısında hansı öhdəlikləri var, hansı məsələlərdə onlardan dəstək ala bilər? Yəni bu, çox ciddi məsələdir. Ola bilsin biz bu gün danışdığımız mövzunun pik nöqtəsidir.

- Daha da konkretləşdirsək...

- Paşinyan tələb edir ki, gəlin bu sənədləri qoyaq ortalığa, görək siz bizə Qarabağla bağlı, müharibə ilə bağlı nə köməklik edə bilərsiniz, nə təklifləriniz var? Ancaq həmin sənədlərdə açıq deyilir ki, BMT Təhlükəsizlik Şurasının qərarları bu təşkilata üzv olan ölkələr üçün də əsasdır, bu təşkilat beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında fəaliyyət göstərir. Həmin o BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, işğal olunmuş ərazilər azad olunmalıdır. Eyni zamanda bəllidir ki, bu təşkilatın mandatı Dağlıq Qarabağ ərazisinə aid deyil. O cümlədən bəllidir ki, əgər Ermənistan bizim torpaqları işğal edibsə, artıq bizim sərhədləri pozubsa, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıbsa, Azərbaycanın ixtiyarı var ki, yalnız Qarabağda yox, cəbhənin başqa istiqamətindən də əks-hücuma keçib düşmənə cavab versin. Paşinyan bunu bilə-bilə israrla deyir ki, məsələ açıq müzakirə olunmalıdır. Cavabı bilir. Bu cavab ermənilər üçün məqbul cavab olmayacaq. Ancaq israr edir ki, onlar bunu desinlər?

- Niyə?

- Mən güman edirəm ki, Paşinyan ABŞ-dan mandat alıb ki, torpaqlar azad olunmalıdır, bu haqda müzakirələrə başlayın! İndi istəyir həmin mesajı KTMT-dən də alsın. Faktiki olaraq həm Lukaşenko, həm Nazarbayevə atmaca atmaqla və məsələni kəskin qoymaqla ki, “gəlin qarşılıqlı öhdəliklər məsələsini açıq müzakirə edək”, Paşinyan onlara yalvarır ki, ay Lukaşenko, ay Nazarbayev, açıq deyin ki, bu torpaqlar azad olunmalıdır və KTMT müharibədə Ermənistanı müdafiə etməyəcək! O halda da mən seçkilərdən sonra gedib ictimaiyyətə müraciət edə bilərəm ki, amerikanlar deyir “azad et”, ruslar deyir “azad et”, KTMT deyir “azad et”! Elə isə gəlin papağımızı qabağımıza qoyub fikirləşək ki, Qarabağı azad edək, yoxsa meydanda tək qalaq, Azərbaycanla təkbətək vuruşaq?

- Yəni Paşinyan taran qərarı verə bilər?

- Bu, taran qərarı olmayacaq. Sadəcə olaraq, Paşinyan bunu öz adı ilə demək istəmir. Ter-Petrosyan da öz dostunu və yaxın saydığı bir adamı qabağa vermək istəmir. Ona görə ki, ictimai rəy bu fikrə qarşı çox yönəlib və onu sındırmaq asan deyil. Paşinyan bunu öz adından deməyə qorxur, ancaq daim deyir ki, nə təklif olsa, mən gəlib bunu xalqa açıqlayacağam, xalq qərar verəcək, mən qərar verməyəcəyəm. Ona görə də mən güman edirəm ki, indi Paşinyan Nazarbayevə, Lukaşenkoya sataşmaqla, atmaca atmaqla və “gəlin məsələni qarşılıqlı müzakirə edək, görək öhdəliklərimiz nədən ibarətdir” mövzusunu zorla gündəliyə salmaqla KTMT-dən bir açıq cavab gözləyir ki, “o torpaqlar azad olunmalıdır və Azərbaycanla müharibədə Ermənistan heç bir dəstək ala bilməz”. Ona görə ki, Ermənistan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, həm də bu təşkilatın da nizamnaməsinə ziddir. Onda Paşinyan öz adından, Ter-Petrosyanın adından yox, həm ABŞ-ın, həm də üzv olduğu KTMT-nın adından Ermənistanda müzakirələr aça bilər. Deyə bilər ki, mən də bunların əleyhinəyəm, ancaq reallıq bundan ibarətdir, həm ABŞ, həm də KTMT-nin mövqeyi budur. Mən hətta fikirləşirdim ki, KTMT-nin iclasına qədər Nazarbayevə və Lukaşenkoya yarı ironik, ancaq əsasən ciddi bir müraciət hazırlayım ki, siz təcrübəli siyasətçilərsiniz, siz başa düşün, bu adam sizə sataşmır. Bu adam sizə yalvarır ki, mənə kömək edin! İclasda durun açıq deyin ki, bu təşkilat səni müdafiə etməyəcək, torpaqlar azad olunmalıdır,  Azərbaycanla müharibədə bizə ümid eləmə! İndi Paşinyan sizə yalvarır ki, bunu açıq deyin, mən də gedib ölkəmdə deyim ki, bunu Amerika da bəyan edir, KTMT də. Hər halda, bu addımları Ermənistanın daxilində də təhlil edirlər. Son dövrlərdə Köçəryana və Sərkisyana müxalifətdə olan adamlar da Paşinyanın əleyhinə çevriliblər, xüsusilə də Dağlıq Qarabağ məsələsi ilə məşğul olan adamlar. Onlardan biri də David Şahnazaryandır. O daim Köçəryanı, Sərkisyanı tənqid edən adamlardan biri idi. İndi o, Sərkisyanın partiyasının siyahısında üçüncü yeri alıb. Açıq deyir ki, deyəsən, Paşinyan Qarabağı Azərbaycana qaytarmaq üçün gəlib. Yaxud başqa bir müxalifətçi, Avrointeqrasiya üzrə aparıcı ictimai liderlərdən biri olan Stepan Qriqoryan indi ən  radikal, millətçi bir partiyanın siyahısında ikinci yerdədir. O da deyir ki, biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Paşinyana etibar etmirik. Yəni bu şübhələr həqiqətən də Ermənistan cəmiyyətində var...