|
"Bizə qarşı çox haqsızlıq oldu" - Ramil Şeydayev

"Start heyətdə meydana çıxacağımı oyundan bir neçə gün əvvəl bilirdim. Əlbəttə, həyəcanlı idim. Amma tez də keçdi. Start fitindən sonra özümü tamamilə oyuna köklədim".

Qol.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib. Rusiya Premyer Liqasının 15-ci turunda Moskva "Spartak"lna səfər məğlubiyyətini (1:3) şərh edən milli komandamızın üzvü görüşün baş hakimini ədalətsiz qərarlar verməkdə günahlandırıb. Şeydayev hətta bir epizodda ötürməsindən sonra topun rəqib futbolçunun əlinə dəydiyini, ancaq referinin penalti nöqtəsini göstərmədiyini bildirib:

"İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, konsentrasiyanı itirdiyimiz üçün rəqib ardıcıl 2 dəfə bizi məyus etdi. Penalti epizoduna gəlincə, həqiqətən qayda pozuntusu var idi, təkrarda da hər şey açıq-aydın görünürdü. Nə deyəsən... Bugünkü matçda bizə qarşı çox haqsızlıq oldu. Amma digər tərəfdən də düşünürsən ki, hakim də insandır, o da səhv edə bilər".

"Krılya Sovetov"un qış fasiləsinə qədər çempionatda 2 oyunu qalıb. Ramil hər iki matçın önəmli olduğunu xatırladıb: "Hər iki matç çətin olacaq. Biz yalnız öz oyunumuzu düşünməliyik. Yaxşı oynasaq da,nəticələr nə bizi, nə də azarkeşləri qane edir. Ümid edirəm ki, qarşıdakı həlledici matçlarda özümüzü bir az daha yaxşı tərəfdən göstərəcəyik".

Qeyd edək ki, Şeydayev bu gün "Krılya Sovetov"un heyətində 90 dəqiqə meydanda olub. O, 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Samara təmsilçisi 14 xalla 13-cü pillədədir.