| Xəbər 2434 dəfə oxunub
Xalq təbabətinin ən məşhur öskürək kompresləri

Uzun illərdir ki, insanlar xəstələndikləri zaman ana təbiətin möcüzələrinə müraciət edərək şəfa tapırlar. Bu gün də xalq təbabəti bütün xalqlarda çox populyardır və uğurla istifadə olunur.

Milli.Az medicina.az-a istinadən uşaqlarda dərmanlarla da ötüşməyən öskürək zamanı işə yarayacaq effektiv kompress reseptləri təqdim edir. Bu kompreslərin sayəsində öskürəkdən bir neçə günə xilas olacaqsınız. Ən əsası isə kompresləri reseptə dəqiqliklə riayət edərək hazırlayın.

Nə vaxt kompress etmək lazımdır:

Bədənə istilik verməsi və bu səbəbdən də iltihabi prosesi daha aktivləşdirə bilməsi səbəbindən yüksək temperatur ilə müşayət olunan kəskin respirator xəstəliklər zamanı bu cür kompresdən istifadə etmək əks göstərişdir. Lakin əgər xəstəliyin bütün əlamətləri keçib gedib, amma uşağa boğucu öskürək əziyyət veririsə, o zaman bu kompreslər işə yarayacaq.  

Kompressin istilikverici effekti sayəsində qan damarları genişlənir, qan dövranı sürətlənir. Öskürək zamanı isidici kompreslər bronxlara yaxşı təsir göstərir.

Hər bir kompress 3 qatdan ibarətdir:

Xarici qat - Müalicəvi vasitə ilə isladılmış tənzif, bint və ya əski parçası

Orta qat - mayenin axmasına mane olan sellofan və yağlı kağız

Xarici qat - kompressi isitmək üçün qalın dəsmal, pambıq və yun

Bal kompressi:

1 x/q bal, 1 x/q toz xardal, 1 x/q sirkə, 1 x/q günəbaxan yağı, yoğurmaq üçün bir miqdar un.

 

Məlum olduğu kimi, bal bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Balın xalq təbabəti reseptlərində öz yeri var. Çox vaxt bu ərzaq nəfəs orqanlarının iltihabi xəstəliklərində tətbiq edilir.

Sadalanan məhsulları bir-birinə qatıb azacıq un ilə yoğurun. Ələ yapışmayan kütləni tənzifin üzərinə yaxaraq uşağın sinəsinə qoyun. Kompress uşağın ürək nahiyəsinə düşməməlidir! Kompressi ən az 2-3 saat müddətində saxlamaq lazımdır. Buna görə də, yaxşı olardı ki, kompressi uşaq yatarkən edəsiniz.
 
Kompress olunan müddətdə uşaq güclü tərləyəcək. Buna görə də kompresdən sonra uşağın paltarını dəyişmək lazımdır.

Kartof kompressi 
 

Kompressi istilik verən istənilən ərzaq məhsulundan hazırlamaq mümkündür. Kartofdan hazırlanan kompress ən sadə tərkibli olmasına baxmayaraq effektivdir. Kompressi hazırlamaq üçün qabıqlı, qaynadılmış kartof tələb olunur. İsti halda kartofu sellofan paketə qoyun  içərisinə 2 ç/q bitki yağı və 10 damcı yod əlavə edin.

Diqqət! Paket çox qaynar olduğu üçün onu uşağın sinəsinə qoymazdan əvvəl dəsmala bükün. Nəzarət edin ki, kompress uşağın ürək nahiyyəsinə düşməsin.

Araq kompressi

Uşağın sinəsinə araq kompressi etməzdən əvvəl həmin nahiyyəyə vazelin və ya uşaq kremi sürtün. Tənzifi araqda isladaraq uşağın sinəsinə qoyun. Üstünə yağlı kağız sərin. Daha sonra isə qalın dəsmalla örtün. Yaxşı olardı ki, bu kompressi uşaq yatmazdan əvvəl edəsiniz, çünki bu kompressi dəri üzərində 1 saatdan çox saxlamaq olmaz.
Dəridə qızartı, cızıq, yara və göbələk olduğu hallarda da bu kompresdən istifadə etmək qadağandır!

Duz kompressi

Soyuqdəymənın ağırlaşmaları zamanı duz kompressi də yaxşı kömək edir. Məhlulu hazırlamaq üçün 90 qr xörək duzunu 1 litr isti suda həll edin. 2 qat pambıq parçanı məhlulda isladaraq uşağın sinəsinə qoyun. Kompressin üstünə qalın dəsmal və ya yun şərf sərin. Yaxşı olardı ki, kompress uşağın sinəsində 10-11 saat qalsın.