|
Gürcüstan 600 min adamın bank borcunu silir, bəs biz...

Gürcüstan hökuməti ölkədə banka borcu olan və adları “qara siyahı”ya düşən vətəndaşların borclarının silinməsi ilə bağlı xüsusi tədbirlər həyata keçirəcək. Nəticə etibarı ilə Gürcüstanda 600 mindən çox vətəndaşın banklara, onlayn maliyyə-kredit təşkilatlarına olan borcları silinəcək.

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin sözlərinə görə, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: “Bu cür borcların təxminən 95 faizini kreditlər təşkil edir. Bu kreditlərin məbləği də hər bir şəxs üçün 2 min laridən azdır”. Bildirilib ki, 600 mindən çox sosial təminat almayan, məhdud imkanları olan vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısında təxminən yarım milyard öhdəliyi var. Onların bu borcları sıfırlanacaq.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək. Amma bu prosesə digər maliyyə institutları da cəlb olunacaq.

Büdcəsi Azərbaycandan qat-qat aşağı olan Gürcüstanın aztəminatlı vətəndaşlarına dəstək üçün atdığı addım Azərbaycanda geniş rezonansa səbəb olub. Çünki 2015-ci ildən Azərbaycanda da vaxtı keçmiş kreditlər problemi getdikcə dərinləşməkdədir.  Mərkəzi Bankın məlumatına görə, bu il oktyabrın 1-nə problemli kreditlərin həcmi 1 milyard 748,7 milyon manat təşkil edib. Bu məbləğin yarıdan çoxu -  921,5 milyon manatı xarici valyutada olan kreditlərdir.

Beləliklə də, 2018-ci ilin 9 ayında düyünə düşmüş kreditlərin məbləği 122 milyon manat artıb. Xatırladaq ki, ilin əvvəlinə vaxtı keçmiş kreditlər 1 milyard 626,7 milyon manat idi.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da, istənilən halda aşağı məbləğli borc vəsaitlərinin silinməsi praktikası baxımdan Azərbaycan üçün də maraq kəsb edə bilər: “Təəssüflə qeyd etməliyəm ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır. Hesab edirəm ki, Azərbaycanda da məbləği 5 minə qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı. Rəsmi məlumatlara görə, Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat, qeyri-rəsmi məlumatlara görə, 3 milyard manatdan çoxdur. Bu məbləğ hər ay artır. Hesab edirəm ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalı, sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir”.

İqtisadçı-ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, devalvasiyalardan sonra kəskinləşən borc məsələsinə görə banklar ağır duruma düşsələr də, əhali onlardan daha çox əziyyət çəkir: “Düzdür, bu problem banklara da mənfi təsir edir. Lakin əsas ağırlıq əhalinin üzərindədir. Kəskin devalvasiyalardan dərhal sonra hökumət bu işə müdaxilə etsəydi, daha az vəsaitlə problemi həll etmək mümkün olardı. Yalnız Beynəlxalq Bankın vaxtı keçmiş kreditləri ilə bağlı məsələ həll olundu ki, bunun da sadə insanlara heç bir aidiyyəti yoxdur”.

Ekspertə görə, Azərbaycan problemli kreditlərin həcminə görə az qala dünya liderliyi səviyyəsinə yüksəlib: “Dünyada problemli kreditlərin həcmi ümumi kredit portfelinin 3 faizini keçdikdə banklar və hökumətlər onun yumşaldılması üçün hərəkətə keçirlər. Bizdə isə bu rəqəm 16 faiz təşkil edir. Yəni beş dəfə yüksəkdir, amma hökumət hələ də tərpənmir. Bizdə vəziyyəti kəskinləşdirən əsas məsələ budur ki, 3 ildir problemli kreditlərə görə faizlər də hesablanıb. Bir çox vətəndaşların borclarından bir neçə qat artıq faizlər toplanıb. Borcun özünü qaytara bilməyən əhali bu qədər faizi necə qaytaracaq?”

N.Cəfərli deyir ki, hökumətin borcların silinməsinin vətəndaşlarda arxayınçılıq yaranmasına və təkrar borcların yığılmasına səbəb olacağı iddiası yanlış yanaşmadır: “Hökumət elə mexanizm tətbiq edə bilər ki, bu hal təkrarlanmaz. Bankların kredit siyasəti üzərində nəzarət gücləndirilər. Çünki borc vətəndaşa deyil, banklara ödənilir. Buna görə də banklarda risk menecmentini gücləndirməklə belə halın təkrarlanmasının qarşısını almaq olar”.