|
Argentinada G20 sammitinin təhlükəsizliyini 22 min polis əməkdaşı təmin edəcək

Argentina hakimiyyəti G20 sammitinin təhlükəsizliyinin təmin edilməsi üçün 22 min polis əməkdaşı cəlb edəcək.

Trend-in məlumatına görə, bu barədə Cənubi Amerika ölkəsinin təhlükəsizlik naziri Patrisiya Bulriç deyib.

P.Bulriç bildirib: "Birincisi, biz 22 min asayiş keşikçisi cəlb edəcəyik. Bundan əlavə, Təhlükəsizlik Nazirliyinin 700 əməkdaşı təhlükəsizliyinin təminatı üzrə ümumi məsələlərlə məşğul olacaq".

 

Nazir vurğulayıb ki, Argentina hakimiyyəti "görüşün dinc və sakit keçməsinə" köklənib: "Biz bütün mümkün təhlükələri təhlil edirik".

Argentinanın nəzliyyat naziri Gilyermo Dyetriç öz növbəsində bildirib ki, sammit keçən günlər Xorxe Nyuberi adına hava limanı kommersiya reysləri üçün bağlı olacaq: "Biz rəsmi nümayəndə heyətlərinin gəlişinin Eseysa hava limanının işinə təsir göstərməməsi üçün bütün tədbirləri görəcəyik".

Sammit keçən günlərdə (30 noyabr - 1 dekabr) Buenos-Ayresdə bütün qatarlar ləğv ediləcək, liman bağlı olacaq və metro fəaliyyət göstərməyəcək.