|
İtaliya mətbuatı Azərbaycanın bu ölkənin əsas ticarət tərəfdaşı olmasından yazır

Azərbaycan ilə İtaliya arasında ikitərəfli ticarət dövriyyəsi haqqında statistik məlumatlar bu ölkənin yerli mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “Askanews”, “Giornalediplomatico.it”, “Agenzianova” xəbər saytları və digər kütləvi informasiya vasitələri “İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır” sərlövhəli məqalələr yayıblar.

Yazılarda İtaliya 2018-ci ilin ilk 10 ayı ərzində Azərbaycanla ümumi ticarətdə 18,64 faiz paya sahib olmaqla (təxminən 4,7 milyard ABŞ dolları) ölkənin əsas ticarət tərəfdaşı kimi qaldığı bildirilir.

Qeyd olunur ki, İtaliya 27,72 faiz paya sahib olmaqla (4,3 milyard ABŞ dollar) Azərbaycanın ən böyük ixracat məntəqəsidir.

Vurğulanır ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə İtaliya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsində 7 faiz artım qeydə alınıb.

Həmçinin bildirilir ki, müvafiq dövrdə Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı kimi qalıb və İtaliyanın idxal etdiyi xam neftin 17,7 faizi (8.264 milyon ton) ölkəmizin payına düşüb.