|
Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi qeyd edilib

Noyabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyində görkəmli teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkə başçısının Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunan tədbir Cəfər Cabbarlı adına Teatr Muzeyi və Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Mehdi Məmmədovun həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.

Görkəmli teatr rejissorunun yaradıcılığından söz açan muzeyin direktoru Sevinc Mikayılova zəngin elmi təfəkkürə malik Mehdi Məmmədovun milli teatrşünaslıq elmimizin inkişafındakı rolundan, resenziya janrının formalaşmasında səmərəli fəaliyyətindən, quruluş verdiyi tamaşalardan ətraflı danışıb.

Tədbirdə Əməkdar incəsənət xadimləri Aydın Talıbzadə, Bəhram Osmanov, teatrşünas Əsəd Məmmədov çıxış edərək M.Məmmədovun həyat və yaradıcılığının bəzi məqamlarından söz açıblar. Bildirilib ki, 1918-ci ildə Şuşada anadan olan Mehdi Məmmədov Azərbaycanda XX əsr rejissor sənətinin ən parlaq simalarından biri olub.

Qeyd edilib ki, görkəmli alimin yazdığı və dərslik kimi keçilən “Rejissor sənəti”, “Həyat və sənət yollarında” və digər kitablar bu gün də elmi dəyərini saxlamaqdadır. Bildirilib ki, görkəmli rejissor ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verib: “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və s. Bu tamaşaların hər biri Azərbaycan teatr sahəsində tarixi hadisəyə çevrilib.

Görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi Mehdi Məmmədov Milli Dram Teatrında baş rejissor olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Mənim Nadejdalarım” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Vurğulanıb ki, Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən azsayda sənətkarlardan idi. Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

Diqqətə çatdırılıb ki, Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib.

Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Qeyd edilib ki, böyük sənətkar quruluş verdiyi tamaşalarla, yazdığı əsərlərlə adını sənət dünyamıza əbədi həkk edib