Aslıhan Kocapınar adlı gənc qızın ölümündən sonra onun tələbə yoldaşları etirazlara başlayıb. Gənc tələbələr universitetin qarşısında piyada keçidinin tikilməsi ilə bağlı dəfələrlə lazımı yerlərə müraciət etdiklərini bildiriblər.
19 yaşlı gənc qız 4 gün öncə axşam saatlarında dərsdən çıxıb, evə gedərəkən yolu keçmək istəyib. Uzaqdan yüksək sürətlə gələn avtomobil yolu keçmək istəyən gənc qızı vurub. Hadisə yerinə gələn təcili yardım Aslıhan Kocapınarı xəstəxanaya yerləşdirsə də onun həyatını xilas edə bilməyiblər.
Gənc qızın ölümü bütün sosial mediada geniş müzakirələrə yol açıb. Gənc qızın ölümünün ardından onun orqanlarının bağışlanması və onu vuran şəxsin azadlığa buraxılması müzakirə mövzusuna çevrilib.
Aslıhan Kocapınarın atası qızını vuran şəxs haqqında “Biz onu vicdanımıza məhkum etdik” - deyə açıqlama verib.
Qızının ölümü haqqında danışan anası da onun orqanlarının bağışlanmasına münasibət bildirib: “Qızımın öldüyü bu yerdə bir piyada keçidinin tikilməsini istəyirik. Mənim qızım öldü, amma başqa gənclər ölməsin. Bu faciədən bir neçə ay əvvəl qızım təsadüfən vəsiyyət etmişdi. Mən bir gün ölərsəm, orqanlarımı lazım olan xəstələrə versinlər. O, orqan bağışlamağın önəmli olduğunu hər zaman vurğulayırdı. Biz də qızımın vəsiyyətini yerinə yetirdik.”
Qeyd edək ki, gənc qızın iki böyrəyi və qaraciyəri bağışlanıb.
Gənc qızı vuran şəxs də məhkəmədə ifadə verdikdən sonra sərbəst buraxılıb.
O, gənc qıza siqnal verərək yoldan çıxması üçün xəbərdarlıq etdiyini deyib: “Qulağında qulaqcıq var idi. Ola bilsin ki, musiqinin səsindən verdiyim siqnal səsini eşitmədi. Bütün etdiyim cəhdlərimə baxmayaraq hadisə yaşandı. Mən də belə olsun, istəməzdim. Çox üzgünəm”.
Hazırda hadisəyə sərt reaksiya göstərən Aslıhan Kocapınarın tələbə yoldaşları universitetin qarşısında təcili surətdə piyada keçidinin tikilməsini tələb edirlər. Gənc tələbələr sosial mediada #aslıhankocapınar haştəqi ilə kampaniya da keçirirlər.
Kampaniyaya ölən gənc qızı tanıyan və tanımayan hər kəs qoşulub. Tələbələr bu hadisənin ilk olmadığını, bundan öncə də burada bir neçə dəfə ölüm hadisəsinin olduğunu bildiriblər.