|
Bu xiyarları almaq olmaz

Baş ağrısından tutumuş, yorğunluq hissini yox etməyə qədər hər dərdə dəva olan xiyar tərkibində B1, B2, B3, B5, B6, C vitaminlərini, eləcə də kalsium, dəmir, maqnezium, fosfor, potasium, sink və fol turşusunu birləşdirir. Lakin hər bir istehlakçı xiyar alarkən diqqətli olmalıdır. Çünki bu tərəvəzin də xeyirləri kimi ziyanları var. Bəs keyfiyyətli xiyarı necə tanıyaq?

Milli.Az publika.az-a istinadən bildirir ki, sizə inanılmaz faydaları təqdim edir.

Xiyarın inanılmaz faydası

Əvvəla bildirək ki, mövsümi olaraq xiyar gündəlik qidalanmada geniş istifadə olunur. Bu məhsulun tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr var. Əvvəla xiyar bədəni su ilə təmin edir, qan təzyiqini azaldır, susuzluğu aradan qaldırır, böyrəkdə daşın yaranmasının qarşısını alır, baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyar tumu qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir. Ona görə də sağlamlığının qayğısına qalan hər bir kəs gün ərzində 1 dilim də olsa xiyar yeməlidir.

Keyfiyyətli xiyarı necə tanımalı?

İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların diqqətinə çatdırır ki, xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla müxtəlif çalarlı, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər. Ondan təzə, duza və sirkəyə qoyulmuş halda istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti vardır. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur.

Məhsulun satış qaydası

Satış yerlərində bu məhsullar günəş şüalarından mühafizə olunmalı və sərin yerdə saxlanmalıdır. Açıq sahələrdə yetişən xiyarları 6-8ºC, istixanalarda yetişən xiyarları 10-12ºC temperaturda saxlanmalıdır. Bu zaman havanın nisbi rütubəti 90-95% olmalıdır. Qeyd olunan şəraitdə xiyar 2-3 həftə saxlanıla bilər.

Xiyar alarkən onun formasına və rənginə diqqət edin. Xırda ətliyi bərk, rəngi yaşıl olan xiyarlar daha keyfiyyətli hesab olunur. Rəngi ağarıb-saralmış, forması kobudlaşmış xiyarları almaq məsləhət görülmür.

Aldığınız xiyarı inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, bu məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir.

Qablaşdırılmış xiyar

 

Qeyd edək ki, xiyardan eyni zamanda duza və sirkəyə qoymaq üçün də istifadə edilir. Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır. Qablaşdırılmasında əsas etibarilə şüşə bankalardan istifadə edilir. Konservləşdirmə üçün istifadə olunan xiyar sağlam, zədəsiz olmalı, yuyulmuş olmaqla saplaq kəsilib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, qablaşdırılmış xiyar turşusu markalanmalı və etiketdə aşağıdakı gərəkli olan bütün məlumatlar qeyd olunmalıdır:

-  istehsalçı müəssisənin adı və ünvanı;

- məhsulun adı və növü;

- əmtəə nişanı;

- xalis çəkisi;

- saxlama müddəti və şəraiti;

- məhsula dair normativ sənəddə göstərilmiş digər məlumatlar və s.

- istehsal tarixi;

Bütün bu məlumatlar etiketdə aydın şəkildə silinməyən boya ilə yazılmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Bu məhsulların saxlanma müddəti istehsalçı tərəfindən müəyyən edilir. Bilin ki, keyfiyyətsiz xiyar turşusu sağlamlığınız üçün ciddi fəsadlara səbəb ola bilər.

Qeyd olunanları nəzərə alaraq, hər bir istehlakçı turşudulmuş, duza və sirkəyə qoyulmuş xiyar alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir.