|
Deputatlardan hökumətə onlayn media və uşaqpulu müraciəti

Noyabrın 7-də Milli Məclisin komitələrində büdcə müzakirələri davam etdirilib. Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndələrinin maaşlarının artırılması nəzərdə tutulub.

Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır: “Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki oradakı demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir”.

S.Şərifov bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var: “Lakin bu xüsusiyyətləri nəzərə alaraq, uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsip etibarı ilə buna baxa bilərik”.

Deputat Fəzail Ağamalı isə Milli Məclisə ayrılan ezamiyyə xərclərinin az olmasından şikayətlənib və ezamiyyə xərclərinin artırılmasını təklif edib. O bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır: “Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamentlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.

“Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılır”. Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Komitə iclasında onlayn medianın problemindən də bəhs olunub. Həmişə olduğu kimi, bu dəfə də mövzuya deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov diqqət çəkib. “Dəfələrlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar” - Ə.Amaşov bildirib. O qeyd edib ki, onlayn mediaya dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

Deputat Qüdrət Həsənquliyev hökuməti şəhid ailələrinə həssas yanaşmağa çağırıb və çağırış edib: “Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil”. Deputat qeyd edib ki, bununla bağlı məlumatlara bizim düşmənlərimiz də baxır: “Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.

O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat pul tikinti işlərinə ayrılıb: “Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkildə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq”.

“Milli Məclisin deputatlarının maaşı artırılsın”. Modern.az-ın məlumatına görə, bunu da deputat Qüdrət Həsənquliyev söyləyib. Deputat qeyd edib ki, cənab prezident 1 may 2017-ci il tarixdə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir: “Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

Deputat Fazil Mustafa isə diqqəti digər vacib problemə çəkib: “Bu gün Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilinin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır”.

Deputat qeyd edib ki, Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil: “Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Deputat həmçinin uşaqların normal qidalanmadan əziyyət çəkdiklərini və bunun nəticəsində normal fizionomiyaya malik olmadıqları probleminə diqqətin ayrılmasını zəruri hesab edib.

“Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismi normal fizionomiyaya malikdir. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəbinin biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir. Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”. F.Mustafa eyni zamanda uşaqpullarının və doğuşa görə birdəfəlik müavinətin artırılmasını təklif edib: “Bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmasa, 6 yaşadək uşaqlara uşaqpulu verilməsi təmin edilməlidir”.