| Xəbər 1666 dəfə oxunub
Azərbaycanın ən qədim və bahalı kitabı hansıdır? -

Mərkəzi Elmi Kitabxananın (MEK) Nadir kitab fondu 1998-ci ildə yaradılıb. Burada kitablar müəyyən meyarlar əsasında seçilərək yığılıb. Bunlardan ən önəmliləri region və ölkə əhəmiyyətli elmi kitablar, nəfis tərtibli kitablar, nəşr tarixi və ölçülərinə görə seçilən kitablardır.

Bunu Trend-ə MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova bildirib.

A.Səfərovanın sözlərinə görə, hazırda nadir kitab fondunda 17385 sənəd qorunub saxlanılır:

“Fondda Azərbaycan kitabxanalarındakı 20 ən qədim kitab mühafizə olunur. Kitablar qədim latın dilindədir, Roma imperiyası, tarix, kilsə və dini mövzulardadır. “Azərbaycan Respublikasının kitab abidələri”nə daxil edilən kitablar 1508-1572-ci illəri əhatə edir”.

 

Şöbə müdiri MEK-də ölçülərinə görə seçilən və xüsusi şəkildə qorunub saxlanılan kitablardan da söz açıb.

“Ən qiymətli kitablar sırasında 500 xüsusi qorunub saxlanılan kitab var. XIX əsrin sonunda nəşr olunan kitablar xüsusi konteynerlərdə qorunur. Həmin konteynerlər turşusuz kartondan düzəldilmiş mikroiqlimli qutulardır. Fondda üz qabığı firuzə qaşlarla bəzədilən, ətrafı qızıl suyu ilə işlənmiş qədim kitablar da var ki, onlar da xüsusi mühafizə olunur. Ən kiçik kitab 1967-ci ilə aid Yanka Kupalanın “Şeirlər” kitabıdır, onun ölçüləri isə 3.5 x 4.5 santimetrdir. Ən iri kitab, Ərdəbil məscidinin müqəddəs xalçalarına aiddir, ölçüləri isə 54 x 64 santimetrdir”.

Qeyd edək ki, fondda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Bunlardan oxucuların tez-tez müraciət etdiyi rus dilində XIX əsrdə Broxqauz - Efron tərəfindən nəşr olunmuş Ensiklopedik lüğət (82 cild), XIX əsrdə nəşr olunan Ensiklopedik lüğət “Qranat”(44 cild), 1875-ci və 1946-cı illərdə nəşr olunmuş ingilis dilində “Britanika” (51 cild), 1944-cü il nəşri “American” ensiklopediyası (28 cild), Londonda nəşr olunmuş “Yeni universal ensiklopediya” (14 cild), 1994-ci ildə nəşr olunmuş “World Book” (22 cild), alman dilində 1977-ci ildə nəşr olunmuş 15 cilddə “Mayerin yeni lüğəti” universal ensiklopediyalarıdır. Fransız dilində isə “P.Larousse”, “Qrand ensiklopedi”, “Universales” ensiklopediyaları Nadir kitab fondunun rəflərini bəzəyir.