| Xəbər 1316 dəfə oxunub
Ekspertlər maliyyə nazirinin nazirin “şad və bəd” xəbərlərini şərh etdilər

Gələn ilin dövlət büdcəsi zərfinin Milli Məclis komitələrində müzakirələri zamanı maliyyə naziri Samir Şərifov bir sıra maraqlı açıqlamalar verib.  S.Şərifovun dediyinə görə, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasına qərarı verilib.

Bunun üçün dövlət büdcəsində  620 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması da nəzərdə tutulub.

Maliyyə naziri onu da qeyd edib ki, gələn il sosial ipotekanın əhatə dairəsi genişləndiriləcək: “Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir. Gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün (güzəştli mənzillərlə təminat) 162 milyon manat vəsaitin ayrılması nəzərə tutulur. Bundan əlavə, hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub”.

S.Şərifov deyir ki, təhsil kreditləri ilə bağlı hələ ki mexanizm tapa bilməyiblər: “Təhsil kreditləri ilə bağlı problem ondadır ki, bu krediti alanların sonradan onu qaytarması böyük sual doğurur. Banklar bu riski öz üzərlərinə götürmək istəmir. Dövlət müdaxilə etsə, biz bəri başdan qəbul edirik ki, bu kreditlər qaytarılmayacaq. Hələ ki mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Deməzdim ki, onlar bu problemi kütləvi həll edəcək”. O həmçinin gələn ildən ali təhsilli gənclərin xüsusi çəkisini artırılması üçün əlavə vəsait nəzərdə tutulduğunu bildirib.

S.Şərifov qeyd edir ki, yeni büdcə qaydası neftdən asılılığın azaldılmasına yönəlib: “Yəni neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu, ikinci zərbə kimi endirilmiş olacaq.Yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. İqtisadi siyasətimizi həyata keçirərkən diqqətli olmalıyıq”.

Nazir gəlirlərlə bağlı risk faktorlarına da toxunub: “Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımızla bağlı ola bilər. Burada söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyicisi SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibarı ilə məhsullarını daxili bazarda satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindən müvafiq qaydada yığılacaq”.

S.Şərifov bildirib ki, digər risk neftin qiymətinin azalacağı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər. “Biz bunu da əhəmiyyətli risk kimi qiymətləndirmirik” - deyə, nazir qeyd edib.

Nazirin dediyinə görə, Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır: “Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, maliyyə nazirinin qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi manata təzyiqi artırır fikri əslində ekspertlərin uzun müddət gündəmdə saxladığı fikrin rəsmi dəstəklənməsidir: “Manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfdaşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Eyni zamanda rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa da belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Doğrudur, bu məşğulluğun təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da, yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır”.

Vüqar Bayramov ile ilgili görsel sonucu

Ekspertin fikrincə, qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdənkənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir: “Bu baxımdan da qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımız iki faktora - neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər”.

Maliyyə nazirinin əhali üçün xoş olmayan bir məlumatı isə icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinin təxirə salınması barədədir:  “2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir”. Onun sözlərinə görə, gələn il icbari tibbi sığortaya 224 milyon manat ayrılması nəzərdə tutulub.

V.Bayramov icbari tibbi sığortanın tətbiqinin daha bir il uzadılmasının gözlənilən olduğu fikrindədir: “Bu əslində gözlənilən idi. Çünki  hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Sığorta paketlərinin məbləği, ödənişin işçi və işəgötürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb”.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə hesab edir ki, ölkədə icbari tibbi sığortanın bir islahat kimi gözdən salınması prosesi gedir: “Bu məsələ ilə bağlı aydınlıq gətirilməli məqamlar çoxdur: icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə hansı nəticələr əldə edilib? Hansı ciddi problemlər, çətinliklər meydana çıxıb ki, bütün ölkə üzrə tətbiqini yenidən yubadırlar? Bütün bunlarla bağlı cəmiyyətə bir açıqlama verilməlidir. Hökumət hesab edirsə ki, pilot qaydada icra edərək bütün problemləri yoluna qoyub sonra rahat yola çıxa biləcək, səhv düşünürlər. Çünki bu, çox ağır bir prosesdir. Dünyanın heç bir yerində pilot qaydada tətbiq etməklə bütün problemləri əvvəlcədən müəyyənləşdirmək mümkün olmayıb. Hamı prosesə başlayıb, tədricən meydana çıxan çətinlikləri həll edib, təkmilləşmələr aparıb. Buna görə də prosesə başlamağın zamanı çatıb da, keçib də”.

İqtisadçı-alimin fikrincə, indiki halda təxirəsalınmanın həqiqətən qarşıya çıxan çətinliklərlə, yoxsa icbari tibbi sığortanın tətbiqinə qarşı olan qüvvələrin müqaviməti ilə bağlı olduğunu müəyyənləşdirmək çətindir: “Faktiki olaraq,  bu mühüm islahatın gözdən salınması prosesi gedir. İslahata qarşı olan qüvvələr gələn il də bir problem çıxardaraq onun tətbiqini, ümumiyyətlə, gündəmdən çıxara da bilərlər”.