| Xəbər 3878 dəfə oxunub
Bakı və Abşeronda da bələdiyyə avtobuslarının yaradılması təklifi

Bakıda artıq demək olar ki, hər həftə avtobus qəzaları baş verir. Son olaraq oktyabrın 17-də Suraxanı rayonunda zəncirvari avtobus qəzası baş verib. “Bakubus” MMC-yə məxsus İveco markalı 3 sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobuslar yararsız hala düşüb. Məlumata görə, qəza avtobuslar qaraja gedərkən baş verib. Ona görə də içərilərində sərnişin olmayıb.

Ekspertlər bildirirlər ki, avtobus qəzalarının bu qədər çox olmasının səbəblərindən biri də nəzarətsizlikdir. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, Bakıya yaxın zamanlarda  300 müasir avtobus alınacaq. Məlumatlara görə, bu istiqamətdə danışıqlar aparılır. Agentlik həmçinin məlumat yayaraq bildirib ki, son illər Bakıya 300-dən artıq yeni avtobus gətirilib.

Lakin ekspertlərin fikrincə, avtobus parkının yenilənməsi problemlərin həlli demək deyil.  Onların fikrincə, qəzalar əsasən  sürücülərin qaydalara əməl etməməsi,  onları işə götürlənlərin isə məsuliyyətsizliyi üzündən baş verir.

Ekspertlər və bəzi bələdiyyə sədrləri tərəfindən belə təkliflər irəli sürülür ki, digər xarici ölkələrdə olduğu kimi gətirilən avtobuslar bələdiyyələrə həvalə olunsun. Qeyd edilir ki, bu avtobuslar uzunmüddətli kredit şərtləri ilə bələdiyyələrin tabeliyinə verilərsə, vəziyyət indikindən yaxşı olar.

Ä°lgili resim

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynov məsələ ilə bağlı aşağıdakıları söyləyib:

“Məlumdur ki, adətən model olaraq qonşu Türkiyənin üzərində dayanıb, oradakı struktura istinad edirik. Türkiyədə bələdiyyə avtobusları var. Bu avtobuslar xidmətdən gələn gəlirləri həm də bələdiyyənin büdcəsinə ödəyirlər. Nəticədə bələdiyyə büdcəsində toplanan vəsaitlə digər sosial layihələrin icrasına dəstək olurlar. Söhbət ondan gedir ki, daşımaçılıqda özəl şirkətlərin qalmasının bazarda heç bir problemi yoxdur. Biz demirik ki, özəl şirkətlər tamamilə ləğv edilsin. Sərnişindaşıma çox böyük bir layihədir. Burada söhbət təkcə şəhərdaxili sərnişindaşımadan getmir. Eyni zamanda ölkə xaricinə də sərnişindaşıma nəzərdə tutulur. Burada özəl şirkətlərin mövqeyi nəzərə alınmalıdır. Məlumdur ki, bələdiyyələrin maliyyə-iqtisadi əsaslarında ciddi problemlər var. Bələdiyyələrə qanunvericilikdə müəyyən üstünlüklər verilib. Lakin təəssüf ki, onlar bu üstünlüklərdən maliyyə imkansızlığı səbəbindən istifadə edə bilmirlər. Belə bir avtobus parklarının yaradılması ölkə üçün avantajlıdır. Çünki bələdiyyələr seçkili orqandır. Onlar xalq qarşısında hesabat verirlər. Bu baxımdan çalışacaqlar ki, xidməti maksimum yüksək səviyyədə həyata keçirsinlər. Çünki növbəti illərdə də məqsədləri bu olacaq ki, vətəndaşlardan səs ala bilsinlər. Sözsüz, bələdiyyə seçkilərində müəyyən ”təyinatlar" da olur. Ancaq zaman gələcək ki, bütün bu kimi məqamlar  baş verməyəcək. İstənilən halda, təyinatlı qurum olsalar belə, onların xalq qarşısında üzərlərinə götürdükləri sosial öhdəliklər var".

Ekspert bildirib ki, bələdiyyə ərazisində sərnişindaşıma xidməti həyata keçirilərsə, sürücü seçimi də mükəmməl olar:“Bundan əlavə, 300 ədəd avtobus alınırsa, bu, 300 yeni iş yerinin yaradılması demək olar. Digər tərəfdən, həmin bələdiyyələr marağında olacaqlar ki, xidməti də yüksək səviyyədə təşkil etsinlər. Çünki belə olarsa, nəqliyyat  vasitəsini almaq üçün sərf etdikləri krediti normal və zamanında qaytara bilərlər. Yəni bələdiyyələrin üzərlərində kifayət qədər şərtlər olacaq ki, həmin xidməti yüksək səviyyədə təşkil etməyə nail olsunlar. Bu anlamda götürsək, bir neçə hədəfə nail ola bilirik. Həm bələdiyyələrin maliyyə imkanlarının artırılması, həm xidmətin yüksək səviyyədə təşkili, həm də vətəndaşlar qarşısındakı hesabatı nəzərə alaraq, məsuliyyət yükünün artırılması baxımından faydalı təklifdir”.

Bəzi şəxslər bildirirlər ki, Bakıda fəaliyyət göstərən avtobuslar sərnişindaşıma üçün nəzərdə tutulmayıb və buna görə də tez-tez qəzalar baş verir. İlqar Hüseynov bu məsələ ilə bağlı da fikirlərini söyləyib: “Avtomobil istehsal edən şirkətlər hər il yeniliklər edirlər. Yəni ötən il aldığın avtomobil artıq köhnə sayılır. Bizdə sərnişindaşımada istifadə olunan avtobuslar, sadəcə olaraq, model kimi çox köhnədir. Lakin sərnişindaşıma üçün nəzərdə tutulub. Ola bilər ki, bu gün şəhərdə olan müasir avtobuslar 5 il sonra texniki baxımdan yararsız hesab ediləcək. Söhbət bundan gedir. Şirkətlər çalışmalıdır ki, müəyyən müddət sonra avtomobil parklarını yeniləsinlər. Belə edərlərsə, bu, ümumi işin faydasına olar”.