| Xəbər 5201 dəfə oxunub
Cənub bölgəsi turizm cənnətinə çevriləcək

Prezident İlham Əliyev oktyabrın 15-də ölkənin cənubuna səfər edib. Səfər zamanı dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Lənkəran, Astara və Lerik rayonlarında olub, yeni yolların, eləcə də müxtəlif obyektlərin açılışında iştirak edib. Bu obyektlər sırasında turizm üçün çox önəmli olanları da var.

Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə hotel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar. Dövlət başçısı çıxışında deyib ki, Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir: “Keçən il mən burada olarkən dəniz sahilində yerləşən hotelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o hotel 100 faiz işləyir, yəni otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl hotelin açılışını qeyd edirik.

undefined

Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir. Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur.

İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir. Dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir. O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda biz sahil zonasını turizm infrastrukturuna cəlb edək".

undefined

Prezident İlham Əliyev Astara səfərində dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.  Bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Məlumat verilib ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzib.

Dövlət başçısı səfərdən sonra Lənkəran, Astara və Lerik rayonlarında yol tikintisinə, yeni məktəb və yaşayış binalarının inşasına, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılmasına dair ümumilikdə 8 sərəncam imzalayıb. Bu sərəncamlarla 3 rayona ümumilikdə 26,86 milyon manat ayrılıb.

Cənub bölgəsində xüsusilə yol infrastrukturuna, habelə abadlaşma, eyni zamanda təbiət hadisələrinin zərərlərinin önlənməsi üçün atılan addımlar bu bölgənin turizm imkanlarını daha da artıracaq. Məlumdur ki, Azərbaycan sürətlə turizm ölkəsinə çevrilir. Cənub bölgəsi isə turizm üçün çox əlverişlidir. Bu baxımdan qarşıdakı illərdə cənub bölgəsi turizm cənnətinə çevrilə bilər. Bu, həm də regionda minlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq.