| Xəbər 1192 dəfə oxunub
Prezident İlham Əliyev: Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin

Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin.

Trend-in məlumatına görə, bunu “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Mən sizi salamlayıram. Bu gün Astara şəhərində çox gözəl, əlamətdar bir gündür. Biz Astara şəhərinə rəsmi olaraq içməli suyun verilməsini qeyd edirik. Mənə verilən məlumata görə, artıq iki aya yaxındır ki, evlərə təmiz içməli su verilir. Bu, çox gözəl hadisədir. Mən də bu gün gəlmişəm ki, bu gözəl hadisəni sizinlə birlikdə rəsmi qaydada qeyd edim.

İçməli su insan sağlamlığı üçün əsas şərtdir. Bunu hər kəs bilir. Astara şəhərində də bu problem öz həllini tapıb. Beləliklə, şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlbəttə, növbəti illərdə bu məqsədlə əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki bir daha demək istəyirəm ki, sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir”.

İlham Əliyev vurğulayıb ki, bir çox rayonlarımızda içməli su layihələri icra edilir: “Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq. Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır”.

Prezident bildirib ki, eyni zamanda, keçən ay Bakı-Astara avtomobil yolunun açılışı olub: “Bu, ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yoldur. Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq”.

Dövlət başçısı hesab edir ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək: “Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar. Digər layihələrə gəldikdə, bildiyiniz kimi, 2005-ci ildə Astara şəhərində modul tipli elektrik stansiyası tikilmişdir. Bu stansiya həm rayona, həm də bütün bölgəyə xidmət edir. Beləliklə, elektrik enerjisi ilə təchizat məsələləri də həll olunub. Bu gün içməli su layihəsi, - qazlaşdırmanı dedim, - kənd yolları çəkilir. Yəni, Astarada əsas infrastruktur məsələləri demək olar ki, öz həllini tapmaqdadır.

Sosial infrastruktura gəldikdə, rayonda son illərdə 35 məktəb, Olimpiya İdman Kompleksi tikilib, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir edilib, digər sosial obyektlər yaradılır. Astara rayonunun çox böyük turizm potensialı var. Bakı-Astara yolu istifadəyə veriləndən sonra əlbəttə ki, turistlərin sayı da artmalıdır və artacaq. Xarici turistlər Astaraya üz tuturlar. Burada turizm infrastrukturu, eyni zamanda, istirahət zonaları, o cümlədən bulvar kompleksi yaradılır”.

Azərbaycan Prezidenti bildirib ki, Astara sakinləri üçün bulvar kompleksinin yaradılmasına əlavə vəsait ayrılıb ki, bu istirahət zonası daha da böyük ərazini əhatə etsin:

“Bilirsiniz ki, keçən il Lənkəranda bu zonanın inkişafına təkan verəcək çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirilmişdir. Müşavirədən sonra dövlət proqramları qəbul edilmişdir və bu sahədə də irəliləyiş var. Ona görə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Turizm infrastrukturunun yaradılması öz həllini tapır. Yeni iş yerlərinin yaradılması prosesi də gedir. Çünki kənd təsərrüfatına verilən böyük dəstək, əlbəttə ki, məşğulluğu artırır, insanlar daha da yaxşı imkanlar əldə edirlər, öz rifah halını yaxşılaşdırırlar və bu gözəl diyarda işlər daha da yaxşı gedəcək.

Artıq qeyd etdiyim kimi, gələcəkdə Bakı-Astara avtomobil yolunun İran sərhədinə çatdırılması layihəsi icra olunacaq. Eyni zamanda, burada kommunal evlərdə yaşayan insanlar üçün 48 mənzildən ibarət yeni yaşayış binası tikiləcək. Gələn ilin investisiya proqramında yeni kənd yollarının layihəsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələlər həll ediləndən sonra biz əsas infrastruktur layihələrini yerinə yetirmiş oluruq. Gələcəkdə, sadəcə olaraq, bu imkanlardan istifadə edilməlidir ki, rayonun potensialı daha da böyüsün. Sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, burada yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Ənənəvi kənd təsərrüfatı sahələri daha da sürətlə inkişaf etməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür, dövlət tərəfindən kifayət qədər böyük diqqət göstərilir”.

İlham Əliyev deyib ki, Astara rayonunda və qonşu rayonlarda son illər ərzində görülmüş işlər çox böyük maliyyə vəsaiti tələb edən işlərdir: “Həm elektrik, həm qaz, həm də yol təsərrüfatlarının, Lənkəran beynəlxalq aeroportunun yaradılması, su layihələrinin icrası, magistral yolların çəkilişi, kənd təsərrüfatına verilən dəstək böyük maliyyə vəsaiti tələb edir. Biz bunu da edirik və etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bunu tələb edir. Bu proqramı da biz qəbul etmişik və bu ilin sonunda üçüncü Dövlət Proqramı başa çatır. Demək olar ki, biz proqramı artıqlaması ilə icra etmişik, o cümlədən proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıbdır.

Deyə bilərəm ki, sonuncu böyük layihə, bax, bu gün rəsmi qaydada istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.