|
“Türkiyənin geri çəkildiyini iddia etmək  cahillikdir”

Son illərdə Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqala səbəb olan keşiş Endryu Bransonun azadlığa buraxılması və ölkəsinə dönməsi gündəmdən düşmür. Ekspertlər bu qərarla hər iki ölkə arasındakı gərginliyin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırırlar.

Keşiş barəsindəki qərardan dərhal sonra ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Branson çox çətin təcrübə keçmiş mükəmməl bir xristiandır. Prezident Ərdoğana etdiyi köməyə görə təşəkkür edirəm”.

Tramp Bransonla görüşü zamanı da Ərdoğana bir daha təşəkkür etməyi unutmayıb: “Onunla çox yaxşı əlaqəmiz var. Bu məsələnin daha əvvəl həll olunmamasına çox təəccübləndim. Obama hakimiyyəti bu məsələni həll edə bilmədi. Nələr yaşadığınızı bilirəm, Türkiyə üçün də asan situasiya deyildi. Çox şey yaşandı, Ərdoğana bunu mümkün etdiyi üçün təşəkkür edirəm. Onun üçün də asan deyildi. Bir daha Türkiyəyə gedərsinizmi deyə soruşmaq istəmirəm. Türkiyə ilə problemlər oldu, keçmişə qayıdacağıq”.

Ağ Ev sahibinin bu açıqlamalarına baxmayaraq, Amerikanın dövlət katibi Mayk Pompeonun Bransonun azad edilməsinə sərgilədiyi mövqe kifayət qədər ilgincdir. O, Türkiyə hökumətindən digər amerikalıların da azadlığa buraxılmasını istəyib: “Bu gün Amerika üçün böyük bir gündür. Digər bir amerikan vətəndaşı da sərbəst buraxıldı. Dünya bilməlidir ki,  Amerika yanlışlıqla həbs edilənləri evinə gətirmək üçün çalışmalarına davam edir”.

Bu açıqlamaların arxasında üstüörtülü şəkildə təhdidlərin olduğunu sezməmək mümkün deyil. Bütün bunlardan çıxış edərək, bəzi ekspertlər keşişin azad olunmasının Türkiyə-ABŞ arasındakı gərginliyi sadəcə bir az yumşaldacağını qeyd edirlər. Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a bunları dedi: “Türkiyənin Amerika qarşısında geri addım atması ilə bağlı deyilənlər doğru deyil. Bu tipli məsələlər bağlı qapılar arxasında müzakirə edilib həll olunur. Branson əslində buraxılmalı idi və həm Türkiyənin, həm də Amerikanın istədiyi oldu. Qardaş ölkə məhkəmə qərarı ilə 3 il yarım Bransona iş verdi. Hesablananda isə o cəzasını bitirmiş oldu. Nəticədə Branson sərbəst buraxıldı. Türkiyə-ABŞ münasibətlərinə baxanda görərik ki, ikili münasibətlərdə əsas məsələ Branson deyildi. Keşiş məsələsi Tramp üçün çox önəmli idi. Çünki seçimlər var. Məsələnin bu şəkildə qabardılmasının da əsas hədəflərindən biri bu idi. Son dönəmlərdə ölkələrarası münasibətlər kifayət qədər gərginləşib. Buna səbəb də Amerikanın Yaxın Şərq siyasəti, eləcə də, FETÖ lideri Fətullah Gülən və ona yaxın adamların Amerikada yaşamaları və digər məsələlər idi. Gərginliyə səbəb olan məsələlər kifayət qədər çoxdur. ABŞ-ın İrana qarşı sanksiyalarında Türkiyənin mövqeyini, rəsmi Ankaranın Rusiya ilə münasibətlərini də unutmaq olmaz. Bunlar aysberqin görünən üzüdür. Bransonla bağlı bu qərardan sonra Türkiyə-ABŞ münasibətlərində bir az yumşalma gözləmək olar. Amma ikili münasibətlərin tamamilə düzəlməsi uzun bir prosesdir”.

Politoloq Tramp və Pompeonun bir-birinə zidd açıqlamalarına da münasibət bildirdi: “Bunlar Amerikada son dönəmlərdə yaşanan məsələlərdir. Trampın siyasətçidən daha çox iş adamı xarakteri bağışlamasının burada az rolu yoxdur. Ona görə bu cür məsələlər hər zaman gündəmə gəlir. Sosial şəbəkələrdə Ərdoğan Türkiyəsinin geri çəkildiyi yöndə fikirlərə rast gəlirik. Unutmaq olmaz ki, Branson məsələsi hər iki ölkənin işinə yaramırdı. Əvvəlcədən deyilirdi ki, bu məsələnin diplomatik şəkildə həlli gərəkdir. Bu yolla da həll olundu.  Ərdoğanın, Türkiyənin geri çəkildiyini iddia etmək  cahillikdir. Amerika super dövlətdir. Super dövlətlə də istənilən dövlət hesablaşmaq zorundadır. Türkiyə dirənəcəyi qədər dirəndi. Diplomatik üsullarla da öz gücünü göstərdi, məhkəməni davam etdirdi, ölkədə hüquq sisteminin olduğunu sübut etdi. Başqa cür bu məsələ necə həll olunacaqdı? Başqa nə istəyirlər? Türkiyə Amerika ilə savaş etməlidir? Bu gün dünyada hansı dövlət təkbaşına Amerikaya dirənə bilir? İki dövlət arasında münasibətlər düzəlməlidir və bunun üçün də nə lazımdırsa, o da edilməlidir. Branson da bunlardan biri idi. Ərdoğan deyil, başqa şəxs və ya siyasi partiya belə olsaydı, eyni addımı atacaqdı. Necə ki, Rusiya-Türkiyə münasibətləri düzəlməli idi və bunun üçün də uyğun addımlar atıldı. Eyni fikirləri Türkiyə-ABŞ münasibətləri barədə də söyləmək olar. Diktə yolu ilə Türkiyəyə nələrisə etdirmək mümkün deyil. Bunu hər kəsin bilməsi lazımdır. Türkiyəyə gəlib, terrora dəstək verən amerikalıların buraxılması ancaq ikili görüşlərlə mümkündür. Xatırlayırsınızsa, iki Ukrayna vətəndaşı ilə bağlı məsələ var idi. Ərdoğan Putinlə görüşəndən sonra bir neçə rus casusunun qarşılığında həmin şəxslər azad edildi. Bu tipli dəyişikliklər olub. Bunlar diplomatiyanın müxtəlif üzlərindən biridir. Siyasət bir az qarışıqdır. Futbolda ekran qarşısında əyləşib filan futbolçu pis oynadı deyə etiraz edirik, yaxud məşqçiləri yıxıb sürüyürük. Siyasət də həmçinin belədir, evdə oturub ittiham etmək asandır. Proseslər tez-tez dəyişir. Siyasətin çoxşaxəli istiqamətləri var”.

Elşən Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Branson məsələsində yaranan gərginliyin əslində səbəblərinin çox dərin olduğunu qeyd etdi: “Bu gərginliyi Bransonun həbsi ilə əlaqələndirmək digər səbəblərin açıq söylənilə bilməməsi ilə əlaqədar idi. ABŞ və Türkiyənin uzunmüddətli müttəfiqlik tarixində arada yaranan fikir ayrılıqlarından dolayı soyuqluqlar çox yaşanıb. Amma tərəflər sonradan bunu aradan qaldırıblar. Bu dəfə də ilk baxışda eyni qiyməti vermək olardı. Amma görürük ki, situasiya bir az fərqlidir. Hamıya məlumdur ki, Yaxın Şərq problemi ilə bağlı tərəflər arasında ciddi mövqe ayrılığı var. Hər bir tərəf də özünün haqlı olmağını bildirməklə yaxınlaşmaq üçün qarşılıqlı güzəştlərə getmək istəmir. Bunun uzun müddət davam edəcəyinə heç vaxt inanmamışdım. Çünki gərginliyin həddi o dərəcədə qalxa bilər ki , sonradan geri addım atılması mümkünsüz olar. Bunun ilkin işartıları isə Türkiyə-Rusiya münasibətlərinin iqtisadi əməkdaşlıqdan hərbi sahədə əməkdaşlığa keçə bilməsi ehtimalları ilə aydın görünür. İndiki etapda ABŞ üçün bu yolverilməzdir. Əslində isə böyük mənada Türkiyə də bu əməkdaşlıqdan ən yaxşı halda qazanmayacaq. Hesab edirəm ki, Bransonun azad edilməsi onu deməyə əsas verir ki, digər əsas səbəblərlə bağlı ilkin razılaşmalar var. Yəni hər iki dövlət əlaqələrin əvvəlki axarına qayıtmasında maraqlı olduğundan düşünürəm ki, yaxın zamanlarda fərqli siyasətin şahidi ola bilərik”.