| Xəbər 2376 dəfə oxunub
Baş Prokurorluq: Oğuz Meşəbəyiliyinin əməkdaşlarına zor tətbiq edən şəxslər həbs olunub

Oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyiliyinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Oğuz Rayon Prokurorluğunda araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına görə, araşdırmalarla həmin tarixdə saat 16 radələrində rayonun Calut kənd sakini Fəzail Həsənovun idarə etdiyi avtomobillə qırıntı aparmaq üçün Oğuz meşəbəyiliyinin meşə dolayına getdiyi, həmin gün monitorinq aparıldığına görə meşə sahəsinə daxil olmasına icazə verməyən gözətçi Zahir Qılıncovun qanuni tələbinə tabe olmayaraq girişdə qoyulmuş şlaqbaumu avtomobillə vurub sındıraraq oradan uzaqlaşdığı müəyyən edilib.

Araşdırmalarla, həmçinin F.Həsənovun avtomobillə kəndin mərkəzinə doğru irəlilədikdə qanun pozuntusunu sənədləşdirmək üçün hadisə yerinə gələn meşəbəyiliyin digər əməkdaşlarının avtomobillərinin qarşısını kəsib onların ünvanına nalayiq söyüşlər söyməsinə, eləcə də qohumu Azər Əlmərdanovla birlikdə əməkdaşlardan birinin Vüqar Şəfiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmələrinə şübhələr üçün əsaslar müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.