| Xəbər 895 dəfə oxunub
Qara Qarayev: "Bakıda azarkeş dəstəyi bizim üçün vacibdir"

Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.

Yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb.

Komanda ilk iki oyunda qələbə qazana bilmədi. Bu gün isə 3:0 hesablı qələbəyə sevindi. Bu yüksəlişin səbəbi nədədir?

- Əvvəlki oyunlarda olduğu kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırdıq. Bundan öncəki oyunlarda imkanlardan yararlana bilmirdik. Buna görə oyunlar bizim üçün ağırlaşırdı. Bu görüşdə hesabda önə çıxmağımız bizə əlavə motivasiya verdi. Həmin andan sonra bu oyunda qalibiyyəti əldən verməməyi qərara aldıq. Düşünürəm ki, yaxşı nəticə əldə etdik. Bunu qoruyub saxlamaq lazımdır. Ən çətin dövr indi başlayır. Vaxtımız da azdır. Yenidən uzun bir yol qət edəcəyik. İnanıram ki, azarkeşlərin dəstəyi ilə Malta matçında da yaxşı oyun sərgiləyəcəyik.

Boş qapıdan iki vacib top çıxartdınız.

- Düşünmürəm ki, çıxartdığım toplara görə xüsusi təşəkkür alacağam. Bu mənim işimdir. Komandama faydalı olacağamsa, lazım gəlsə boş qapıdan top çıxardacağam. Lazım olsa qapıda da dayanacağam. Bu epizodlara görə xüsusi təşəkkür fikirləşməmişdim. Borcumdur. Sevinirəm ki, bunun öhdəsindən gələ bildim.

Üç gündən sonra Malta ilə vacib oyunumuz var. Azərkeşlərə nə sözünüz var?

- Azarkeşlərə yalnız xoş sözlər deyə bilərik. Onlar həmişə bizi dəstəkləyiblər. Həmişə olduğu kimi milli komandanı dəstəkləsinlər. Necə ki, bunu edirlər. Bundan öncə tənqidlər də olub. Bu da normaldır. Hamısına təşəkkürümüzü bildiririk. Onların dəstəyi bizim üçün vacibdir.