| Xəbər 1028 dəfə oxunub
Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi-"Soprano" qrupunun konserti olacaq

“Turetski xoru”nun Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq. Belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Soprano” Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür.

Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

“Soprano” bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş Formula 1 Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.

“Turetski xoru” və “Soprano” art qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. “Soprano” Pekində dünyanın ən böyük teleşoularından olan “Spring Festival Global Gala 2016”da çıxış edib və həmin televiziya efirini 1 milyard tamaşaçı izləyib.

Qeyd edək ki, “Turetski xoru”nun Heydər Əliyev Mərkəzində oktyabrın 10-da keçirilən konserti anşlaq və maraqla izlənilib.

Daha bir gözəl şou-"Soprano" art qrupunun konsertinin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.