| Xəbər 1519 dəfə oxunub
Avropa Məhkəməsi Azərbaycana 10 sual ünvanladı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 10 şikayətlə bağlı hökumətə suallar göndərib. Bu haqda AİHM-in məlumatında bildirilir.

Şikayətləri araşdırılanlar arasında tanınmış simalar da var. Bir neçə il əvvəl Azərbaycandan Avropaya mühacirət edən hüquq müdafiəçisi Vidadi İsgəndərov qanunsuz həbs edilməsindən, saxlanılma şəraitindən AİHM-ə şikayət edib. Diabet xəstəsi olan V.İsgəndərli şikayətində yazıb ki, 2011-ci ildə həbs edilərkən 2 nəfərlik kamerada 7 nəfərlə birgə, havasız şəraitdə saxlanılıb, bu, onun hüquqlarını pozub.

Şikayətləri araşdırılanlar arasında Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov və Elman Ağayev də var. Onlar məhkəməyə qədər həbslərinin qanunsuzluğundan, məhkəmə zamanı metal qəfəsdə tutulmalarından şikayət ediblər.

Prezident Administrasiyasının İşlər İdarəsinin rəhbəri olmuş Akif Muradverdiyev də şikayəti araşdırılanlardandır. 2011-ci ildə həbs edilən, daha sonra ölkə prezidentinin əfv etdiyi A.Muradverdiyev həbsinin, evində axtarış aparılmasının qanunsuzluğundan, vəkilsiz sorğu-sual edilməsindən şikayətçidir.

Araşdırılan digər şikayətlərdə də iddia edilən hüquq pozuntuları oxşardır.

Mənsur Heydərzadə polisdə 48 saatdan artıq saxlanılmasından, Vüqar Əliyev Nərimanov polisində bir günə yaxın ac-susuz, havasız şəraitdə tutulmasından, Nazim Agabəyov məhkəməyəqədər həbs edilməsinin qanunsuzluğundan şikayət edib. Daşqın Mikayılov, Tural Səfərov, Məhəmməd Bağırov, Vüqar Əliyevun şikayətlərində də eyni məzmunlu pozuntulara məruz qaldıqları iddia olunur. Avropa Məhkəməsi Azərbaycan hökumətinə Avropa Konvensiyasının 3-cü (İşgəncələrin yolverilməzliyi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyata hörmət) maddələri üzrə aydınlaşdırıcı suallar göndərib.

Qeyd edək ki, son zamanlar Avropa Məhkəməsi tərəfindən Azərbaycandan edilən şikayətlərlə bağlı tez-tez qərarlar qəbul edilir, rəsmi Bakı ard-arda cərimələnir. Bu da Azərbaycan hökumətinin sərt etirazları ilə qarşılanır. Kompensasiyaların hissə-hissə ödənilməsi, yaxud ödənişlərin yubadılması bunu deməyə əsas verir.

Ä°lgili resim

YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında AİHM-i sərt tənqid etdi: “Azərbaycan Avropa Şurasının üzvüdür. Quruma daxil olarkən üzərimizə öhdəliklər götürmüşük. Eyni zamanda bizim hüquqlarımız və vəzifələrimiz var. Bir çox hallarda şahidi oluruq ki, şəxslər öz fəaliyyətləri, davranışları ilə cinayət yolunu tutublar, konkret cinayət törədirlər və ona görə də hüquqi müstəvidə cəzalandırılırlar. Belə şəxslər də əvvəlcədən siyasi bəyanatlarla çıxış edirlər, hakimiyyəti qərəzli şəkildə tənqid edirlər. Bununla çalışırlar ki, hüquqi müstəvidə məsuliyyətə cəlb olunduqda siyasi motivi qabartsınlar. Belə halların dəfələrlə şahidi olmuşuq.

Vidadi İsgəndərli də həmin sıradadır. Onun davranışlarına, yanaşmalarına diqqət yetirəndə görürük ki, bu şəxsin ciddi müayinəyə ehtiyacı var. Çünki o, elə bir mövqe ortaya qoyur ki, bir çox hallarda onun əqli problemlərinin olması gündəmə gəlir. Xatırlayıram ki, ölkəmizin tanınmış bir şəxsi televiziyaya baxanda söyləmişdi ki, Vidadi İsgəndərli psixiatrın potensial pasiyenti ola bilər. Belə insanlar tənqid yox, təhqir yolunu seçirlər. Nəticə etibarı ilə onlar qanunazidd addımlar atırlar. Məsuliyyətə cəlb olunan kimi bu şəxslər deyirlər ki, ölkə başçısını, hakimiyyəti tənqid etdiyim üçün cəzalandırılıram. Halbuki qətiyyən belə deyil. Azərbaycan demokratik inkişaf yolunu seçmiş bir dövlətdir. Demokratiyada son nöqtə yoxdur. Hansı dövlət desə ki, demokratiyanın pik nöqtəsindədir, bu yanlış olar. Azərbaycan 27 yaşı olan gənc dövlətdir. Biz insan hüquqlarının müdafiəsi sahəsində çox ciddi addımlar atırıq.

Ölkədə əhalinin 80%-dən çoxu internet istifadəçisidir. İstədiyi fikirləri yazırlar, istədikləri kimi hakimiyyəti tənqid edirlər. Bundan artıq nə ola bilər? Hesab edirəm ki, bu məsələlərə görə Avropa Məhkəməsi yanaşmasında həssas olmalı, ciddi şəkildə araşdırma aparmalıdırlar. Vidadi İsgəndərli kimi insanların iddialarına münasibətdə ciddi şəkildə araşdırma aparmalıdırlar ki, doğrudan da bu iddiaların əsası var ya yox? Xaricdən aldığı qrantlar hesabına yaşayan, anti-Azərbaycan qüvvələrin əlində alət olan insanların Avropa Məhkəməsinə üz tutması sırf onunla bağlıdır ki, cinayət əməllərini gizlətsinlər, qarşı tərəfi ittiham etsinlər, əvəzində hətta müəyyən maliyyə vəsaitləri qoparmağa nail olsunlar, yəni Avropa Məhkəməsinin konkret qərarları əsasında. Azərbaycan ictimaiyyəti belə insanları qəbul etmir. İctimaiyyət yaxşı başa düşür ki, mühacir adı ilə Avropaya gedənlərin tam əksəriyyəti Azərbaycanı sevməyən, dövlətimizə düşmən gözü ilə baxan ermənipərəst qüvvələrin əllərinə keçiblər. Həmin ermənipərəst qüvvələr bunları maliyyələşdirirlər.

Bunlar da əvəzində Azərbaycan əleyhinə hər cür hədyanlar yağdırırlar. Onları məsuliyyətə cəlb etmək istədikdə isə özlərini ”siyasi məhbus" kimi tanıtmağa başlayırlar. Reallıq bununla bağlıdır. Amma onu da deyim ki, Rusiya və digər ölkələrdə çox qeyrətli azərbaycanlılar var. Onlar ölkəmizin milli maraqlarını hər şeydən üstün tuturlar, dövlət maraqlarımızı müdafiə edirlər, ermənilərin beynəlxalq qurumlarda ifşaları üçün çox ciddi addımlar atırlar, piketlər keçirirlər, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Belə azərbaycanlıların xaricdə sayları kifayət qədər çoxdur. Təəssüf ki, Vidadi kimilər də var. Onlar əslində tarixə bir ləkədirlər".

Deputat kompensasiyalarla bağlı problemlərdən də söz açdı: “Avropa Məhkəməsinin məlum qərarları Azərbaycan tərəfə təqdim edilir. Həmin qərarlarla bağlı bizim çox ciddi arqumentlərimiz var. Bir çox hallarda Avropa Məhkəməsinin qərəzli qərarlarının şahidi oluruq. Orada bəzən elə şəxslər əyləşirlər ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanırlar. Bizim əsas tələbimiz odur ki, Avropa Məhkəməsi tam reallığa qiymət versin, tələm-tələsik qərarlar qəbul etməsin. O zaman görəcəklər ki, bu insanlara qarşı Azərbaycanda heç bir təzyiq olmayıb. Avropa Məhkəməsinin qərarlarına Avropa ölkələrinin  bəzilərindən belə narazılıqlar var”.