| Xəbər 1703 dəfə oxunub
“Bakı-Gəncə sürət qatarında ikimərtəbəli elektrik qatarları hərəkətdə olacaq”

Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi, inkişafı ilə bağlı bir çox işlər görülür ki, onlardan biri də sürət  qatarlarının işə salınmasıdır. İlk olaraq, bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub.

Artıq bir neçə günə  həmin istiqamətdə hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək. Bununla yanaşı, Qəbələyə də dəmir yolu xəttinin çəkilməsinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova “Yeni Müsavat”a açıqlamasında hər iki istiqamətdə aparılan işlərin gedişatı ilə bağlı məlumat verib. O bildirib ki, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi turizmin də inkişafına kömək edəcək: “Bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində cənab prezident İlham Əliyev qeyd edib   ki, turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova

S.Qədirovanın sözlərinə görə, artıq Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə başlanılıb: “Yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər olacaq. Artıq 175 metr dəmir yolu xətti çəkilib, 1 ədəd yoldəyişən qurğu qoyulub.   43 kilometrlik dəmir yolu xətti boyunca 75 suötürücü, bir neçə  tunel və körpü, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir,  dağlıq yerləri var.  Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür. Bu ərazidə torpaq yatağı işləri görülür. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir”.

Bakı-Gəncə sürət qatarı ilə bağlı aparılan işlər haqqında danışan S.Qədirova vurğuladı ki, qatarın  xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur: “Bu marşrutda da ”Stadler Rail Group" şirkətinin istehsalı olan “KISS” markalı ikimərtəbəli elektrik qatarları hərəkətdə olacaq".