|
Amerikalı diplomat Bakıda mühüm görüşlər keçirdi və mətbuata ilginc açıqlamalar verdi

ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıdan işğalçı Ermənistana BMT qətnamələrini xatırlatdı

Oktyabrın 10-da ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent jurnalistlər üçün brifinq keçirdi.

ABŞ-ın ölkəmizdəki səfirliyində baş tutan brifinqdə media mənsublarını azərbaycanca salamlayan cənab Kent ardınca bildirdi ki, yenidən Bakıya döndüyünə görə məmnundur: “Mən son dəfə Bakıda tələbə olduğum zaman – 1987-ci ildə, yəni 31 il bundan öncə olmuşam. Əslində o vaxt tələbəlik dövrümdə rus dilində danışmağı bacarırdım. Ona görə üzr istəyirəm ki, sizinlə Azərbaycan dillində ünsiyyət yarada bilmirəm”. Daha sonra oktyabrın 9-10-da Azərbaycanda olan diplomat səfərin məqsədi barədə məlumat verdi. Eyni zamanda dövlət başçımızla görüşündən danışdıq: “Mənim Azərbaycana səfərimin əsas məqsədi ABŞ-Azərbaycan münasibətlərini daha da yaxşı etməkdən ibarətdir. Azərbaycan Respublikasının hökuməti, liderləri ilə görüşlər keçirdik. Bu sıraya Azərbaycan prezidenti cənab İlham Əliyev daxildir. Eyni zamanda Azərbaycan Respublikasının biznes dairələri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşümüz oldu. Düşünürəm ki, hər bir kəs ABŞ-Azərbaycan əlaqələrinin daha fəal olması istərdi. Demək istəyirəm ki, ABŞ ümumiyyətlə, daha firavan, daha təhlükəsiz və daha inkişaf etmiş Azərbaycanı görmək istərdi. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək”.

Cənab Kent daha sonra Cənub-Qaz dəhlizinin önəmindən bəhs etdi: “Cənub Qaz Dəhlizi” çox mühüm və irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar vəsait xərcləyib. 3500 km-lik həcmi olan enerji dəhlizi vasitəsilə bölgədə olan enerji ehtiyatlarının Avropaya çatdırılması təmin olunacaq. Məhz Cənub Qaz layihəsinə bənzər ola layihələr ümumiyyətlə, dövlətlər və şirkətlər arasında əməkdaşlığın parlaq nümunəsidir”.

Amerikalı diplomat Azərbaycan hökumətinin liderləri ilə görüşlərində Azərbaycanın bölgədə təhlükəsizliyin təminatı və təhlükəsizliyin gücləndirilməsi sahəsində atdığı addımları çox yüksək dəyərləndirdiyini bildirdi: “Bu sıraya Azərbaycan sülhməramlılarının Əfqanıstana gedişi də daxil olmaqla, Azərbaycanın Əfqanıstanda verdiyi töhfələr daxildir. Regional təhlükəsizlikdən danışarkən Azərbaycanın qonşusu olan bir neçə dövlətlərin fəaliyyətlərini də müzakirə etmişik. Sözügedən fəaliyyətlər ümumiyyətlə, bölgədə təhlükəsizliyin gücləndirilməsinə xidmət etmir. Bu sıraya Rusiya və İran tərəfindən göstərilən fəaliyyətlər daxildir ki, nəticə etibarilə bu fəaliyyətlərə görə ABŞ sözügedən dövlətlərə sanksiyalar tətbiq edib”.

Bunun ardınca diplomat Dağlıq Qarabağ məsələsi barədə fikirlərini açıqladı. Dedi ki, Azərbaycanda hər bir şəxs Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılmasında çox maraqlıdır. O, dövlət rəsmiləri ilə görüşlərdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərin əldə olunması, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünün və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ermənistan baş naziri ilə Düşənbədə görüşünü də müzakirə etdiklərini vurğuladı. 

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Biz üzərimizə düşən fəaliyyəti və məsuliyyəti çox ciddi qəbul edirik. Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində biz Madrid prinsiplərinə əsaslanırıq. Gücdən istifadə olunmaması, eyni zamanda ərazi və suverenlik və xalqların öz müqəddəratını hüququ da daxil olmaqla bu problemin Madrid prinsipləri əsasında həllinin tərəfdarıyıq”. 

C.Kenton Azərbaycan Respublikasının mediasının bu sahədə olan nümayəndələri ilə görüşməkdən çox məmnun olduğunu bildirərək əlavə etdi: “Gələn dəfə Azərbaycana səfər etdiyim zaman çox ümid etmək istərdim ki, artıq “Azadlıq” Radiosunun nümayəndəsi burada, bu auditoriyada olacaq”. Diplomat dedi ki, media azadlığı toplaşma və söz azadlığı ilə yanaşı cəmiyyətlərin uğurunu təmin edən amillərdən biridir.

ABŞ diplomatı sualları cavablandırarkən dedi ki, keçirdiyi görüşlərdə demokratiya və insan haqlarına yer ayrılıb:“Fundamental prinsiplərin təminatı ümumiyyətlə, inkişaf etmiş cəmiyyətin daha çox inkişafda olmasına təkan verən amillərdən biridir. Düşünürəm ki, bu, inkişaf etmiş cəmiyyətlər və inkişaf etmiş vətəndaşların da gələcəyi üçün çox vacib olan məsələlərdən biridir. Qeyd etdiyim kimi, mən çox ümid bəsləyərdim ki, gələn dəfə mən Azərbaycana gələndə “Azadlıq” Radiosunu burada dinləyə bilim”.

Diplomat görüşlərdə təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini vurğuladı: “Müzakirə olunan məsələlərdən biri məhz Əfqanıstana aid idi. Burada Azərbaycanın oynadığı çox vacib rolu qeyd etmişdim. Ümumiyyətlə, Azərbaycan Əfqanıstana problemlərinin həllində dəstək göstərir. Müəyyən dövlətlər var ki, enerji amilini silah kimi istifadə edirlər. Ona görə də düşünürəm ki, Cənub Qaz Dəhlizi kimi layihələr enerji təhlükəsizliyinə öz təminatını verir. 3 il Ukraynada fəaliyyət göstərdiyini deyən diplomat bu ölkədə virus hücumlarının baş verdiyini xatırlatdı: “Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukraynanın bütün elektrik xətləri sıradan çıxarılmışdı. 2017-ci ilin iyun ayında bir həmlə də olmuşdu, onun nəticəsində bütün korporasiyalar sıradan çıxarılmışdı. Ona görə də hər zaman təhlükəsizlik barədə danışanda sadəcə olaraq silah, yaxud artilleriyanı nəzərdə tutmuruq. Burada kiber təhlükəsizliyi kimi məsələlər də daxildir”.

Xəzərin statusu barədə Konvensiyaya münasibət bildirən C.Kent dedi ki, danışıqlarda iştirak edən Azərbaycan rəsmiləri bu suala daha müfəssəl cavab verə bilər.

Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağla bağlı mövqeyinə ABŞ-ın münasibəti barədə danışan diplomat qeyd etdi ki, təxminən iki həftə sonra amerikalı həmsədr də daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfər edəcəklər: “Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə keçirdiyi görüş öz-özlüyündə yaxşı bir siqnaldır, yaxşı bir rəmzi məna daşıyır. Bu görüşdən sonra təmas xəttində gərginliyin səviyyəsi kifayət qədər aşağı düşüb. Biz tərəflərə müraciət edərək danışıqların bu minvalla aparılmasına və atəşkəsin pozulmasının sayının aşağı düşməsinə təkan verməyə çağırırıq! Artıq sözügedən prinsiplər, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsasında həyata keçirilən bir fəaliyyət olacaq”.

“Yeni Müsavat”ın əməkdaşı da amerikalı diplomata sual ünvanlamaq şansından istifadə etdi. Əməkdaşımız cənab Kentə bəzi məqamları xatırlatdı. Onun Bakıda olduğu günlərdə Qarabağdakı separatçıların təmas xəttində gərginliyi artırmaq istiqamətində növbəti cəhdlər etdiyini, ABŞ-dan olan həkim briqadasının məhz bu günlərdə qanunsuz olaraq Dağlıq Qarabağa gələrək ordakı əhaliyə pulsuz tibbi yardım göstərdiyini, ABŞ-dakı küçələrdən birinə “Artsax” adının verilməsini xatırlatmaqla yanaşı, “Rusiya və İrana qarşı sanksiyaların tətbiqindən danışdınız. Bəs, bölgəni təhdid edən, ərazilərimizi işğalda saxlayan Ermənistana qarşı nə zaman sanksiyalar tətbiq    edəcəksiniz? Amma təəssüf ki, əksinə, bir sıra hallarda ABŞ “humanitar” yardım” adı altında işğalçılara və separatçılara dəstək verilir” sualına C.Kent əhatəli cavab verdi.

O, bildirdi ki, atəşlərin və təhdidlərin sayının azaldılması çox vacibdir: “ABŞ-ı təmsil edən rəsmilər hər bir zaman Ermənistan rəsmiləri ilə görüşən zaman eyni bəyanatı verirlər. Biz hər zaman deyirik ki, bu kimi ritorika, eyni zamanda təmas xəttində atəşkəsin pozulması halları vəziyyətə yardım etmir. Onu da demək istərdim ki, ABŞ konsulluqları ABŞ vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyə edir. Eyni zamanda buna bənzər çağırış da var: biz Amerika vətəndaşlarını Krıma səfər etmək barədə düşünməməyə çağırırıq. Digər ərazilər də var ki, ora işğal altında olan ərazilərdir, yaxud Amerika diplomatlarının və vətəndaşlarının ora getməsi tövsiyə olunmur. Məsələn, ABŞ rəsmisi kimi mən Dağlıq Qarabağa getmirəm”.

C. Kent “Yeni Müsavat”ın digər sualına cavab olaraq Los-Ancelos dairəsinin Qlendeyn şəhərində küçənin "Artsax" adlandırılmasına da münasibət bildirdi: ”ABŞ-da bələdiyyə rəsmiləri yerli şura kimi fəaliyyət göstərərək küçə adının dəyişdirilməsinə dair qərar çıxara bilərlər. ABŞ federal agentliklərinin Dağlıq Qarabağı necə adlandırmasına gəldikdə, mən deyə bilərəm ki, biz bu əraziyə “Dağlıq Qarabağ” deyirik”. 

ABŞ-ın işğalçı Ermənistana sanksiyalar tətbiq etməməsinə gəldikdə, amerikalı diplomat bunları bildirdi: “Hər bir vəziyyət fərdi yanaşmanı tələb edir. O ki, qaldı Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına, biz hesab edirik ki, bu münaqişənin həlli BMT qətnamələri və Madrid prinsipləri əsasında baş tutmalıdır. Həmin prinsiplər isə ərazi bütövlüyünə hörmət, güc tətbiq olunmaması və xalqların öz müqəddəratını təyin etməsidir”. 

Səudiyyə Ərəbistanından olan jurnalistlə bağlı danışan diplomat “ölkəsindən asılı olmayaraq, istənilən jurnalistin təhlükəsizliyi ABŞ üçün çox vacib olan məsələlərdən biridir”, deyə bildirdi. O dedi ki, bu kimi faktlar, həmçinin bolqarıstanlı xanım jurnalistin öldürülməsi də ABŞ-ı ciddi narahat edir.