| Xəbər 1301 dəfə oxunub
Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu silsiləyə yalnız çox böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Bu əsərlərin hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar. Bununla yanaşı, bu il yeni mövsümdə Avropa musiqi mağazalarının rəflərində və musiqi məhsullarının müxtəlif sərgi-yarmarkalarında Firəngiz Əlizadənin “Oyan!”, “Impulse”, “Concerto for Marimba and Orchestra”, “Dastan”, “Landscape” əsərlərinin not yazıları, həmçinin möhtəşəm “NASIMI Passion”un partiturası görünüb.

Xatırladaq ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.