| Xəbər 2075 dəfə oxunub
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zaman içində” layihəsinin təqdimatı olub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Könül Rəfiyevanın “Zaman içində” kurator layihəsinin təqdimatı olub. Tədbir Təşəbbüskar Kuratorlar Birliyinin (“ICU”) təşkilatçılığı və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçirilib.

Könül Rəfiyeva AZƏRTAC-a bildirib ki, “Zaman içində” layihəsi bütün zamanlarda ilham mənbəyi olan Azərbaycan qadınının parlaq obrazını təcəssüm etdirir. 2018-ci ildə müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam oldu. Azərbaycan qadını bu yüz ildə sosial və ictimai həyatın müxtəlif sahələrində mühüm rola malik olub.

Layihə çərçivəsində fotoqraf-rəssam Rüstəm Hüseynovun ölkənin mədəni və ədəbi irsində əhəmiyyətli izlər qoymuş Azərbaycan qadınlarının tarixi obrazlarını əks etdirən fotoportretləri təqdim olunub.

“Zaman içində” layihəsi klassik ədəbiyyatımızın nümayəndələri Xurşudbanu Natəvan, Heyran xanım, Qəmər bəyim Şeydanın iştirak etdikləri ənənəvi ədəbi məclislərin Məhsəti Gəncəvi, Raziyə Gəncəvi və digər söz ustalarının şeirlərinin səslənməsi ilə müasir zamana uyğun formada interpretasiyasıdır.

Gecənin açılışında çıxış edən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova qonaqları və tədbir iştirakçılarını salamlayıb .

İdeyanın müəllifi və layihənin kuratoru Könül Rəfiyeva poetik ifa tərzini milli geyimli qızların fotoportretləri ilə tamamlayan layihənin konsepsiyasından bəhs edib.

Müəllif tamaşaçını tarixi keçmişimizdən müasir dövrə aparan özünəməxsus ekskursiyaya dəvət edir. Libaslar ənənəvi qadın obrazının xarici elementlərini nümayiş etdirir, şairələrin yaradıcılığı isə zərif cinsin nümayəndələrinin daxili aləmini üzə çıxarır.

Rüstəm Hüseynov Avropa və Asiya ölkələrinə səyahətləri zamanı çoxlu sayda tarixi rekonstruksiyaların şahidi olduğunu bildirib. “Məni heyrətə salan odur ki, bu ölkələrdə ənənələr davam edir, yüzlərlə il əvvəl geyilən libaslar indi də dəbdədir, lakin tam olduğu şəkildə deyil. Onları tədricən interpretasiya etməklə, tarixi irsin müasir dizaynda müxtəlif variasiyalarını tətbiq edirlər. Mən öz layihəmə başladıqda, bunun necə göründüyünü təqdim etmək üçün kisik obrazlar silsiləsi vardı. Tədricən, ildən-ilə yeni seriyalar çəkirəm. Hətta gördüm ki, bəziləri mənim fotoşəkillərimi tarixi reallıq kimi qəbul edirlər”, - deyə fotoqraf-rəssam əlavə edib.

Gecənin musiqili hissəsində azərbaycanlı ifaçı, “The Voice” musiqi teleşousunun fransız versiyasının iştirakçısı Araz Hümbətli gitarada özünəməxsus ifa tərzi ilə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.

Tədbirin aparıcısı, sənətşünas Rafael Gülməmmədov görkəmli şairələrin Azərbaycan ədəbiyyatı, incəsənəti və sosial həyatda rolundan, həmçinin onların mənəvi aləmi və poetik istedadından danışıb.

Sonra Məhsəti Gəncəvi, Heyran xanım və digər orta əsr müəlliflərinin şeirlərindən parçalar səslənib, müxtəlif dövrlərə aid Qərb şairləri ilə paralellər aparılıb. Azərbaycan, rus, ingilis dillərində təqdim olunan şeirləri Əməkdar artist Elşən Rüstəmov, şairələr Ülviyə Axundova və İrina Şipilova söyləyiblər.

Rüstəm Hüseynovun Azərbaycanın müxtəlif regionlarının gözəl və rəngarəng qadın geyimlərinə həsr etdiyi 20 fotoportretdən ibarət olan layihəsi iştirakçıların böyük marağına səbəb olub. Dizayner Natəvan Əliyevanın şəxsi kolleksiyasından da istifadə edən müəllif çəkilişlərdə XIX əsrin orijinal qadın libaslarına da müraciət edib.

Ekspozisiyada müəllif Rəna İbrahimbəyovanın ənənəvi qadın obrazının parlaq nümunəsi olan kəlağayının nümayişi də yer alıb.

Gecədə Denis Vinterin “Rəsm üçün yazı maşınkası” adlı 2017-ci il instalyasiyasının sənədli xronikası da təqdim olunub.