| Xəbər 2113 dəfə oxunub
Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib

Bakılı qız biabır olmaqdan qorxub

Bakının Xətai rayonunda qız "Facebook"-a görə intihar etməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan-a rayon polis idarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 8-də səhər saat 06.00 radələrində Məhəmməd Hadi küçəsində yaşayan, 1996-cı il təvəllüdlü A.Z. böyük miqdarda dərman preparatı qəbul edib.

İlkin istintaq prosesi zamanı məlum olub ki, hadisəyə səbəb naməlum kişinin qızın fotosunu "Facebook" sosial şəbəkəsində paylaşması olub. Qız biabır olmaqdan qorxub.

Hazırda qız Toksikologiya Mərkəzində ağır vəziyyətdədir. Xətai rayonu 36-cı Polis Bölməsinin əməkdaşları baş verən hadisəni araşdırır və qızı intihar həddinə çatdıran şəxsin kimliyini müəyyən etməyə çalışırlar.

Xatırladaq ki, bu hadisə Azərbaycanda sosial şəbəkələrdə diqqətsiz davranışa görə faciə ilə nəticələnən ilk hadisə deyil.