| Xəbər 3598 dəfə oxunub
Müvafiq qurumlar Bakını yağışdan qorumaq üçün işə başlayıb

Oktyabr ayında Azərbaycanda hava şəraitinin yağmurlu olacağı gözlənilir. Belə ki, ekoloq Telman İsmayılov bildirib ki, bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq respublika ərazisində güclü yağışlar yağacaq.

Xatırladaq ki, sentyabrın 23-də Bakıda güclü yağış yağmışdı. Bir neçə dəqiqə davam edən yağış nəticəsində paytaxtın bəzi küçələri keçilməz həddə gəlmişdi. Bəzi yerlərdə suyun dərinliyi yarım metrə qədər çatmışdı. Doğrudur, Bakıda normadan artıq yağış yağmışdı. Ancaq “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər.

Bəs müvafiq qurumlar güclü yağışlarda bu kimi problemlərin təkrarlanmaması üçün hansı işləri görüblər?

“Yeni Müsavat”a danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, onlar lazımi tədbirləri görürlər:

“Sentyabrın 23-də yağan güclü yağış palçıq, qum, çınqılları bizim kollektorlarımıza daşıyıb gətirdi. Yağış kəsəndən dərhal sonra kollektorlarımızın tam ötürücülük qabiliyyətinin təmin olunması üçün monitorinqlərə başladıq. Nəcəfqulu Rəfiyev küçəsində, Bülbül prospektində nəqliyyatın sıxlığından asılı olaraq gecə və gündüz saatlarında xətlərin yuyulması işini həyata keçiririk. Çalışırıq ki, onları qumdan, çınqıldan təmizləyək ki, xətlərin tam ötürücülük qabiliyyəti bərpa olunsun. Yağış barmaqlıqları ilə kanalizasiya baxış quyularının açılması ilə ora bərk məişət tullantıları, daş, çınqıl, torpaq tökülüb. Bunların da təmizlənməsi işlərini həyata keçiririk. Onu da deyim ki, bu işləri həm Bakı Su Kanal İdarəsinin, həm də yerli rayon su kanalı idarələrinin əməkdaşları həyata keçirirlər. Bakı Su Kanal İdarəsi əsasən iri diametrli kollektorların və xətlərin yuyulması işini həyata keçirir. Yerli su kanalı idarələri isə nisbətən kiçik diametrli xətlərin yuyulması və təmizlənməsi işlərini həyata keçirir. Xətlərin yuyulması işləri xüsusi maşınlarla, yüksək təzyiqlə həyata keçirilir”.

“Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, onlar da lazımi işləri görürlər:

“Yağış zamanı piyada keçidlərinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış, kanalizasiya xətləri çəkilərək, yeni barmaqlıqlar quraşdırılır. Mövcud yağış-kanalizasiya xətləri yuyularaq bərpa olunur. Köhnə yağış baramaqlıqları isə yenisi ilə əvəzlənir. Görülən kompleks tədbirləri çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərində suların kənarlaşdırılması üçün nəzərdə tutulmuş, ötürücülüyün artırılması məqsədilə əlavə xətlər də çəkilir. Heydər Əliyev prospektində Böyük Şor yolu qovşağından Sabunçu yol qovşağı istiqamətində yağışların kənarlaşdırılması üçün əlavə, 60 metr uzunluğunda xətt çəkilir. Ərazidə həmçinin yağış barmaqlıqları quraşdırılıb. Bundan başqa isə Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də işlər aparılır. Burada uzunluğu 325 metr olan əlavə xətlərin çəkilişi işləri görülür. Məqsəd həmin ərazidə intensiv yağışlar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə 9 ədəd yağış barmaqlıqlarının da quraşdırılması nəzərdə tutulub. Bundan başqa, qeyd edim ki, kiçik həcmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunub. Bu işlər çərçivəsində təqribən 100-ə yaxın yağış barmaqlığı da dəyişdirilib. Həmçinin yol kənarında yerləşən yağış barmaqlıqları ilə yağış kanalizasiya quyularına ötürücülük bərpa olunub. Bu istiqamətdə də işlər davam etdirilir”.