|
Eldar Əzizov adı ABŞ-da korrusiya qalmaqalına qarışan “baş liftçi”ni işdən qovdu

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov adı ABŞ-da böyük korrupsiya qalmaqalında keçən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovu işdən qovub. Sabiq rəisin Azərbaycanda istintaqa cəlb edilməsi xəbəri də var. Qüdrət Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulmasında keçən korrupsiya cinayətində keçir. Bu ölkənin Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bu haqda Azəbaycan mətbuatın, “Yeni Müsavat” qəzetinin 18 sentyabr tarixli sayında https://musavat.com/news/abs-da-baslanmis-liftremont-korrupsiya-qalmaqali-boyudu-sensasion-gelisme_556417.html?d=1 “ABŞ-da başlanmış “Liftremont” korrupsiya qalmaqalı böyüdü – sensasion gəlişmə” sərlöhvəli yazı dərc olunub. Bundan sonra Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb. O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib.

Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.

SEC-in məlumatdın da qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Eldar Əzizovun məlum qərarına qədər İstehsalat Birliyinin rəisi vəzifəsini Qüdrət Şükürov tuturdu.

Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları yerli KİV-lərə, xüsusən “Yeni Müsavat”a ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

O, müsavat.com-a bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub: “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib. R.Əsgərov yazıb ki, ermənilərin işğal etdiyi Qubadlıdandır və həmin vaxt qudası ilə erməninin görüşünə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə - “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb. Sitat: “Bu, mənim gözlərimin qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul “otkat”dır”.

Rəfael Əsgərov Qüdrət Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 1 həftə əvvəl Rəfael Əsgərov ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Rəfael Əsgərovla əlaqə saxlayıb. R. Əsgərov belə bir müraciət etdiyini təsdiqləyib. Deyib ki, sentyabrın 17-də Azərbaycanın Baş Prokurorluğunda, Bakı Şəhər İcra Hakimiyyətində və ABŞ-ın ölkəmizdəki səfirliyində olub, hər 3 ünvana müvafiq rəsmi müraciətini təqdim edib. Rəfael Əsgərov həmin müraciətində vurğulayırdı ki, Azərbaycan KİV-ləri (musavat.com, virtualaz.org) yazırlar ki, SEC-in rəsmi saytında buna səbəb kimi şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsindən yazıb.

Onun müraciətindən sitat:

“SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub.

Mən də müraciət etdim ki, həmin fakt üzrə ifadələrim alınsın. Əvvəllər Bakı Lift-Təmir İstehsalat Birliyində baş verən korrupsiya halları ilə bağlı bildiyim, şahidi olduğum məsələlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişəm. Azərbaycan mətbuatında (“Yeni Müsavat” qəzetində 19.04.2018 tarixdə “Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar” http://musavat.com/news/eks-qudasindan-bas-liftci-qudret-sukurova-agir-ittihamlar_520318.html ) da bu haqda çıxışlarım olub. Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qeyd olunan korrupsiya sövdələşmələrinin bəzilərinə şahidlik etmişəm. Həmin hallarla bağlı mətbuatdakı çıxışlarımı da məktubuma əlavə etmişəm. Cənab Zakir Qaralovdan dönə-dönə xahiş edirəm ki, Qüdrət Şükürovun dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatından yayındırması ilə bağlı əməllərinin nəzarəti altında araşdırılmasını təmin etsin. Səfirlik səlahiyyətlilərindən də xahiş edirəm ki, ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə bağlı müəyyən edilmiş faktların araşdırılması üzrə şahid qismində dindirilməyimi təmin etsinlər”.