|
Prokuror Sarayda qohumunu yumruqla öldürən şəxsə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı V.Hüseynovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə oktyabrın 9-dək təxirə salınıb.

 

İttihama görə, bu il Abşeron rayonunun Saray qəsəbəsində V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. O, aldığı zərbə nəticəsində özündən gedib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.